success closed Loading...

Təlim və tərbiyə quru bir lafdan ibarət isə...

Hüseyn Cavid | Məqalə sayı: 5

datetime11.04.2018 09:53 visitor

Həsbi-hal – 3

Ayşə Sədiqə xanım “Təlim və tərbiyə” adlı kitabında deyir ki: “Çocuqlara hər kim olsa dərs verər, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verər. Çocuğun birinci mürəbbisi validədir. Validəsi olmayanlara yenə bir qadın məmur edilir. Çünki zamani-səbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək olur ki, bir qövmün səadəti və tərbiyəsində qadınların böyük təsiri vardır. Bunun üçün hər şeydən ziyadə qadınların tərbiyəsinə etina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir.”

Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və əhəmiyyətləri yalnız bir cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da budur: “Cənnət anaların ayaqları altındadır” - buyurulmuşdur.

Qafqaziya türklərindən bu kəlami-müqəddəsi bir neçə kərrə eşidib duymamış bir nəfər təsəvvür olunmaz zənn edirəm. Müsəlmanlıq bir avropalının dediyi kimi, quru bir lafdan ibarət isə... Heç! O əmri-qüdsiyyəyə itaət isə... Hanya! O hardadır? Yaponiyalılar islamiyyəti qəbul etmək fikrində imiş! İslamiyyətin erkək-qadın haqqındakı, təhsili-elm, hörməti-mütəqabilə, müsavat... kimi bir çox şeyləri o kitabdan, bu kitabdan oxuyub duysalar, ehtimal ki, təbdili-məzhəbə həvəslənərlər, lakin bir neçə müdəqqiq, müfəttiş göndərib də göz-gözə tədqiq etsələr, müsəlmanların əfal və hərəkatına göz qoysalar, şaşıb qalmazlarmı?

Əcəba?! Qızlar, oğlanlara nisbətən maddiyyatda ikidə bir haqqi-vərasətə malikdirlər. Rəsuli-əkrəm təlim və tərbiyədə heç fərq qoymadığı halda təhsili-elmi kişiyə, övrətə müsavi bir surətdə fərz buyurduğu təqdirdə, necə olur da ki, böylə bir əmri-müqəddəsi heç məsabəsində tuturuq? Əcəba, səkkiz-doqquz yaşında bir qız yalnız ibtidai, yaxud rüşdi təhsil görürsə, şəriətə müxalifmi zənn olunar? Bir çox mübarək ağızlar qadınların tərbiyə görür-görməz itaətsiz olacaqlarını söyləməkdən çəkinməyirlər, əcəba məktəb, təlim və tərbiyə insana itaətsizlikmi öyrədir? Yaxud insaniyyət, şəfqət, mərhəmət, nəzafət, övlada məhəbbət, böyüklərə itaət nə olduğunumu təlim edər?

Sadədillik xoş bir şey olsa da, bu qədəri, bu dərəcəsi sevilir bir şey deyildir. Bugünkü gün ehtimal ki, bir para səfsətəamiz quruntular ilə, boş xəyallar ilə özümüzü mütəsəlli edək... Fəqət yarın? Yarın hər işimizdə olduğu kimi, qız tərbiyəsi haqqında da başımıza, gözümüzə vuracağıq, kor-peşman olacağıq, lakin nəticə bir yana çıxmayacaq. On il əvvəl oğullarını məktəbə verməyən, tərbiyəni sapqınlıq ədd edənlər indi hanı? Hər tərəfə baxarsan, eyi-fəna, istər-istəməz, hər kəsdə övladını tərbiyə etmək maraqı qabarmaqda, coşmaqda!.. Hər şəhərdə, hər qəsəbədə oğlanlara məxsus iki-üç ibtidai məktəb açılmaqdadır. Lakin üç-dörd illik yarım-yanlış məktəblər səkkiz-doqquz sənəlik ev tərbiyəsini təbdil və islah edə biləcəkmi zənn olunur? Heyhat!..

Biçarə çocuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qədər xurafat uçurumlarında yuvarlanır gedir. Bir otaqdan digər otağa girəcək olsa, “damdabaca”lar ilə qorxudulur. Başı açıq dışarı çıxacaq olsa, göydən başına adamcıl qurd dərisi düşər. Qaranlıq bir yerə getsə, cinlər, divlər ilə təhdid edilir. Hasili-ənva, mövhumat ilə zavallının mənəviyyatı alt-üst olur. Otuz yaşına gəlsə belə, o qorxunc kölgələri bir dürlü başından çıxarmaz olur. Ev tərbiyəsinin doğurduğu ən gözəl tərbiyə, ən xoş əxlaq - yalançılıq, kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorxaqlıq kimi bir para rəzil, murdar əxlaqsızlardan ibarətdir. Binəva socuq sabahdan axşama qədər küçədə, bacada toz-torpaq içində yaşar, qoşar, nəhayət bir yeri səqətlənir, yaxud ordan-burdan dürlü-dürlü misri xəstəliklərə hədəf olur gedər. Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlansın” - deyir.

İmdi böylə vəhşi, cahilanə bir həyatdan, ölçü-biçisi olmayan bir mühitdən, pozuq, uyğunsuz bir tərbiyədən nə fayda hasil ola bilir? Təbii heç...

Bir gavur çocuğu ana qucağında hənuz bir yaşında ikən yediyi qaletlərdən əlifbanı öyrənməyə başlar, ev divarına baxsa hesab cədvəlləri görür, əmali-ərbəəni üç-dörd yaşında gülə-gülə, sevə-sevə öyrənir. Beş-altı yaşına varır-varmaz məktəb həvəsilə əl-ayaq vurmağa, çırpınmağa başlar, məktəbə girdiyi zaman əxlaqı, dərsi, zəkası, həvəsi yerində olub, fəal mütəşəbbis, qəyur bir insan olmağa çalışır, bir azdan sonra qarşınızda iyirmi yaşında universitetdən məzun bir əfəndi bulursunuz, bir çox heyrətamiz baxışlar ilə süzdükdən sonra, o bəyənmədiyiniz gavuru alqışlamağa məcbur olursunuz.

İndi, o istedad, o fövqəladəlik ona haradan gəldi? Göydən zənbil iləmi endi? Yaxud Allah-təala o zəka və istedadı onlaramı münhəsir etmişdir? Təbii, bunların heç birisi deyil! Yalnız qələbə və müvəffəqiyyət çalışanlarındır və çalışmaq yolunu bilən ərlərindir.

Lakin bu nöqtəni eyicə nəzərdə tutmalı ki, təbiət kimsəyə üz görməz, kimsənin əlində bazicə olmaz. Cənab-həqq təbiətə öylə bir qüvveyi-qahirə, öylə bir qüdrəti-qalibə vermiş ki, daima qalib gəlir, məğlub olmaz. Özünə qarşı durmaq istəyənləri pəncəyi-qəhrində əzər, örsələr, məhv edər, yaşatmaz. Uzağa getmək lüzumsuz, yalnız on il bundan əvvəlki halımızı düşünək nə dərəcədə dəyişdiyimizi, sevmədiyimiz, ürkdüyümüz halda, bir çox nöqteyi-nəzərdən təbiətə necə boyun əydiyimizi apaçıq görüb anlarıq.

Bu gün azacıq təbiətə qarşı durub övladını tərbiyədən məhrum buraxanlar, yarınkı gün cigərguşələrinin zillət, fəlakət odunda yanıb-qovrulduqlarını ağlaya-ağlaya seyr edəcəklər... Çocuqlar məsumdurlar, onunçün etdikləri işlərin heç birindən məsul deyildirlər, onların hal və hərəkətlərindən məsul olacaq yalnız ata-analarıdır. Qızını, oğlunu tərbiyə etməkdə müsamihə göstərən valideyn qanun və əxlaq nəzərində şiddətlə məsul tutulmalıdır. Çünki cəmiyyəti-bəşəriyyə üçün müzürr bir adam hazırlamış olurlar. Xeyirsiz, xain, ədəbsiz övlad yetişdirib, onları tərbiyə və islaha çalışmayan ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq üçün bir sürü əxlaqsız, bir yığın sərsəri yetişdirmiş olurlar. Böylə qeydsiz, tərbiyəsiz ata-ananın nə dərəcə məsul olacağı, nə müdhiş cinayət işlədiyi hər kəscə məlum, aydın bir həqiqətdir.

Bu il olmasa belə, bir neçə il sonra təhsili-ibtidainin istər qız, istər oğlan üçün məcburi tutulacağı şübhəsizdir. Lakin bizim istədiyimiz kimi deyil. Ümumrusiya türklərinin səmimi dostu “Puruşkeviç”lərin istədiyi kimi olacaq, indi xanım qızlar milli məktəblərdə ana dilini oxuyub öyrənməsələr, yaxud ata-anaları tərəfindən məhrum edilsələr, bir-iki il sonra zor ilə, qəhr ilə oxumağa məcbur olacaqlar. Bir də cəbrə, təzyiqə nə hacət? Artıq iyirmi ilə otuzu hesab etmək üçün anaların təsbihlər ilə, qızların barmaqlar ilə komediya çıxarmaları çəkilir, bir dərd deyildir. Azacıq da utanıb qızarmalıyıq.