success closed Loading...

Ey zavallı bəşər

Məhəmməd Hadi | Məqalə sayı: 5

datetime14.04.2018 10:50 visitor

Əlinlə  təng qıldın başına bu enli dünyanı,

Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı.

 

Bəşər, ciddən siyahiqbalsən ruzi-əzəldən sən,

Qaranlıq eyləmişsən kəndinə rövşənli dünyanı.

 

Dəmirlərdən yaratdın duzəxəndam aləti-cəngi,

Məzaristanə döndərdin neçin bu şənli dünyanı?

 

Dolu olsaydı, ey insan, künuzi-əqlü idrakın,

Qanardın çox gözəl surətdə bu məxzənli dünyanı.

 

Sənə çox-çox yazıqlar olsun, ey xunxar olan insan,

İşıqlı günlərə həsrət, səfilü xar olan insan.

 

Neçün guş etməyirsən, ey bəşər, fərmani-vicdanı,

Nasıl ləzzətlənirsən, söylə, qan tökməkdən, ey fani?

 

Bu xislətlə, əmin ol, dilbəri-amalı görməzsən,

Keçər ömrün qaranlıq pərtövi-iqbalı görməzsən.

 

Nəsibi-həsrəti-ömrün müsibətdən ibarətmi?

İrindən, çirkdən, qandan, fəlakətdən ibarətmi?