success closed Loading...

Nazim Bəydəmirli: ''Hacı İbrahim Nehrəmli və Şərurlu İsfəndiyar kimi ''biznesmenlər'' külli-miqdarda vəsaitləri tikinti adı ilə ''mənimsəyiblər''''

2019-cu ilin iqtisadi göstəricilərinə görə əksər sahələrdə artım olsa da, tikinti sektorunda tənəzzül var.

Enter.News xəbər verir ki, sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli bu sahədə olan tənəzülün səbəblərini qeyd edib: 

1. Bir tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində rəhbər dəyişikliyi baş verdikdən sonra sərəncamların gecikdirilməsi, tikinti əmsalının sahibkarlığın ziyanına artırılması, beləliklə rentabelliyin azaldılması, şəffaflığın artırılmasını sahibkarlar dəstəkləyirlər, ancaq bir neçə şərtlə - əsas da eyni hüquq və vəzifələrin bütün şirkətlər üçün "asanlaşdırılması" ayrı seçkiliyin olmaması, rəqabətin işləməsi...

2. Bankların tikinti sektoruna ögey münasibəti, kommersiya ipotekasının bahalığı. Bunu da törədən səbəblər heç də banklardan asılı məsələlər olmayıb. Təsəvvür edin ki, içtimaiyyətə məlum olan "Hacı İbrahim Nehrəmli, Şərurlu İsfəndiyar, Hafiz Məmmədov (Hafka), "İmişlilər" kimi və onlarla bu qəbildən olan "biznesmenlər" inzibati resurslar hesabına ya banklardan girovsuz külli-miqdarda vəsaitlər alıb tikinti adı ilə "mənimsəyiblər", ya da vətəndaşların - payçıların hesabına mənzilləri bir neçə dəfə sataraq dolandırıcılıqla məşğul olublar. Buna görə kommersiya bankları ehtiyatlı davranırlar...

3. Rusiyada və xaricdə yaşayan soydaşlarımızın daşınmaz əmlaka yatırımları azalıb, ölkədə isə alıcılıq qabiliyyəti kəskin azalıb. Nəticədə durum daha da vahimələşib. Əlində dövlət resursu olanlar "məmur sahibkarlığı" ilə birbaşa məşğuldurlar, heç nədən çəkinmirlər.

İqtisadçı mövcud vəziyyətdən çıxış yollarını göstərir:

“Dövlət başçısı real sahibkarlığın vəziyyətini bilmək üçün Biznes Ombudsmanı institutunu, öz yanında Sahibkarlar Şurası yaratmalı, ölkənin maliyyə ehtiyaclarını qarşılamaq üçün ilk növbədə Mərkəzi Banka və Dövlət Neft Fonduna ucuz resurslarla iqtisadiyyatı təmin etməyə göstəriş verməlidir. Tikinti sahəsində bankların nəzarəti ilə "layihə maliyyələşdirilməsi" paketi işləməlidir. Tikintinin səmərəli olması onun vaxt itkisinin aradan qaldırılması, "dolqostroy" anlayışının olmamasıdır. Bu kömək "məmur sahibkarlığına" deyil, real sahibkarlığa yönəlməlidir. Dövlət üzünü real sahibkarlığa çevirsin, PR-kampaniyadan bir şey çıxmaz”.