success closed Loading...

İŞİD-i maliyyələşdirən azərbaycanlıların məhkəmədə verdikləri İFADƏLƏR

Bakı Ağır Cinayətlər Məhkəməsində terror təşkilatı kimi tanınan İraq-Şam İslam Dövləti (İŞİD) adlı təşkilatın tərkibində döyüşənləri maliyyələşdirməkdə təqsirləndirilən Sahil İbrahimov, Namiq Məmmədov və İlqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Enter.News-un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs Sahil İbrahimov ifadə verib. O, deyib ki, qardaşı Samir Suriyada olan zaman bir neçə dəfə zəng edərək ona pul veriləcəyini deyib. Təqsirləndirilən bildirib ki, həmin pulları götürüb bir hissəsini başqa şəxslərə verib, bir hissəsini isə qardaşına göndərib.

Suallara cavab verən S.İbrahimov qardaşının pulları haradan almasına belə aydınlıq gətirib ki, onun Qaraçuxurda mağazası olub: "Sonra maşınını da satdı, nisyə mal verdiyi adamlar çox idi. Onlar pulu mənə verirdi".

Samir istintaqda ifadəsinin təhrif olunduğunu deyib. Bildirib ki, indi məhkəmədə dedikləri həqiqətdir.

Təqsirləndirilən Namiq Məmmədov isə təqsirləndirilən şəxsləri tanımadığını, bir neçə nəfərdən pul alaraq ayrı-ayrı şəxslərə verdiyini deyib:

"Məndən xahiş ediblər, götürüb başqa adamlara çatdırmışam. Moskvadan və başqa ölkələrdən gələn pullar da sədəqə olub. Bakıda ehtiyacı olan ailələrə vermişəm".

Təqsirləndirilən İlqar Ağayev bu dəfə də ifadə verməkdən imtina edib. O, əvvəlki prosesdə olduğu kimi, özünü anormal şəkildə aparıb, deyilənləri başa düşmədiyini deyib.

Hakim təqsirləndirilən İlqarın istintaqdakı ifadəsini elan edib. Məlum olub ki, İlqar həmin ifadəsində təqsirləndirilən Sahili və onun qardaşı Samiri tanıdığını, Suriyaya pul göndərdiklərini, həmin məbləği ayrı-ayrı şəxslərdən aldıqlarını deyib.

Proses davam edəcək.

Qeyd edək ki, ittiham aktına əsasən, Sahil İbrahimovun qardaşı Samir Suriyada döyüşüb. İttihama görə, o, 2016-cı ilin avqustunda Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya gedib.

Samir Suriyaya gedəndən sonra qardaşı, eləcə də eyni məzhəbə mənsub başqa tanışlarıyla əlaqə saxlayaraq deyib ki, Suriyada onunla birlikdə vuruşan azərbaycanlıların və başqa əcnəbilərin İsveç, Rusiya, Norveç, Finlandiya, Almaniya və başqa ölkələrdə yaşayan yaxınlarıyla əlaqə saxlasınlar. Onların göndərəcəkləri pulları toplayıb Suriyaya yollasınlar.

İttihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib.

"2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər"- ittiham aktında göstərilir.

Məlumata görə, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub. 2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İlqar da bu vəsaitləri toplanan başqa pulların üstünə qoyub və Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda da 75 min dollar pul göndəriblər.