success closed Loading...

Nəriman Nərimanovun həbsdən azad etdiyi generalı kimlər güllələdi? - General Firidun bəy Vəzirovun həyat hekayəti

Enter.News hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirlinin general Firidun bəy Vəzirovun (1850-1925) haqqında olan yazısını təqdim edir:

Vətən uğrunda millət eşqində bəzli-can et xülusi-niyyət ilə.

İş apar, baş gedərsə qoy getsin, ad qalar, bəs deyimi, millət ilə?

M.Ə.Sabir.

1985-ci ildə Tiflis arxivində general Firidun bəy Vəzirov haqqında saxlanan qısa məlumatlarla tanış oldum. Böyük bir sərkərdənin tərcümeyi-halını oxuculara belə natamam şəkildə çatdırmaq istəmirdim və inana da bilmirdim ki, indiyədək generalın bir doğması qalmamış ola. Bakıya qayıdanda tarix muzeyinə gedib onun əməkdaşlarından kömək istədim. Nərmin xanım Tahirzadə dedi ki, general Firidun bəyin qızı Nigar xanım Bakıda yaşayır.

Nigar xanım çox şeyləri xatırlaya bilmirdi. Yetmiş illik sərt rejimli vahimə onun yaddaşından çox əhvalatları silib aparmışdı. İllərin ağrı-acısı yaşı doxsanı keçmiş ananı yumağa döndərmişdi. Nəvəsi Erazm köməyinə çatdı. Babası Firidun bəyin və nənəsi Zeynəb Səlim qızı Vəzirovanın iki fotoşəklini tapıb mənə hədiyyə elədi.

- Erazm, - dedim, - arxiv sənədlərində nənən Zeynəbin adı Zinaida Səlimovna Kriçinskaya kimi yazılıb. Yəqin ki, bunun da bir səbəbi var?

- Əlbəttə, var. Nənəm milliyyətcə Litva tatarıdır. O, istefada olan polkovnik Səlim bəy Kriçinskinin qızıdır. Sizin arxivdə rast gəldiyiniz onun qız ad-familidir. Babam yeddinci Belorus qusar alayında ştabs-rotmistr rütbəsində qulluq edəndə evləniblər. Evlənmə mərasimində babam onun ad-familini müsəlman ad-famili ilə rəsmiləşdirib. Nənəm də babamla birgə rus qoşunlarının tərkibində 1877-78-ci illərdə iştirak edib. Bunu o illərdən yadigar qalan iri ölçülü bir fotoşəkil də təsdiq edir. Babam Firidun bəy Vəzirov əla döyüş xidmətlərinə görə bu müharibədə kapitan rütbəsindən mayora qədər yüksəlmiş və alay komandiri vəzifəsinə təyin olunmuşdur.

Nəslən Tiflis zadəganlarından olan babam otuz səkkiz il imperiya ordusunda xidmət etdikdən sonra general-mayor rütbəsində istefaya çıxmışdır. 1906-cı ildən Tiflisdəki doğma ata-baba mülkündə yaşamış və azrəbaycanlıların nəfinə təşkil olunmuş xeyriyyə cəmiyyətində içtimai fəaliyyətini davam etdirmişdir.

1919-cu il mayın ilk günlərində Tiflisdə yaşayan general-Mayor Firidun bəy Vəzirovun ünvanına Bakıdan bir məktub gəldi. Məktub altmış doqquz yaşlı generalın ahvali-ruhiyyəsinə xoş təsir bağışladı. Məktubda deyilirdi:

“Çox hörmətli general Firidun bəy cənabları, Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı Milli ordudan şübhəsiz ki, xəbərdarsınız. Xalqımızın sərkərdə oğlu kimi yəqin ki, bu şad xəbərə Siz də sevindiniz. Yeni yaranan orduda xidmət etmək üçün Sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük ehtiyacımız var. Onu da xatırladım ki, könüllülər hesabına ordumuzun sayı gündən-günə artır. Ağır şəraitdə olsa da, Baş Qərargah yaradılmasına nail olduq. Qərargahın nəzdində ümumi şöbə, növbətçi general şöbəsi, süvari şöbəsi, mətbuat və başqa şöbələr artıq fəaliyyətdədir. Azərbaycan hökuməti ordu üçün dövlət büdcəsindən xeyli vəsait ayırmışdır. Hazırki vaxtda hərbi ləvazımatla yanaşı, yeni zabit heyətinin hazırlığında da çətinliklərimiz çoxdur. İnanırıq ki, Azərbaycan müstəqillik qazandığı vaxtda gənc Azərbaycan orlusunun sıralarında xidmət edən oğullarımız üçün Siz  hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də xahiş edirəm, Baş Qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz.

Hörmətlə: Baş Qərargahın növbətçi generalı, polkovnik  ƏBDÜLHƏMİD BƏY QAYTABAŞF”

Bu səmimi məktubu alan general dərhal ailəsi ilə birgə Bakıya köçmüşdü. Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun 7 avqust 1919-cu il tarixli 351 nömrəli əmri ilə general-mayor Firidun bəy Vəzirov Bakı şəhərinin komendantı təyin olunmuşdur. Lakin 1920-ci ilin aprelində bolşevik-daşnak qoşunlarının gəlişi ilə digər milli generallarımız kimi Firidun bəyin də qismətinə acı bir ədalətsizlik qismət oldu. Həmin ili mayın 31-də Gəncə üsyanının iştirakçısı kimi komissar Çingiz İldırımın otuz altı saylı əmrilə vəzifədən azad edilib. Baş qərargahın sərəncamında saxlanılır.

Milli Təhlükəsizlik Nazirliyinin arxivində general Firidun bəyə məxsus iki min bir saylı şəxsi iş saxlanılır. Buradakı sənədlər 1921-ci il iyunun 2-də Azçeka tərəfindən həbs olunub istintaq aparılan generala məxsusdur. İstefada olan yetmiş bir yaşlı general Firidun bəy Vəzirov “İslam” partiyasının agenti kimi ittiham olunur. Ona Tiflisdəki dədə-baba malikanəsinə, çar və Müsavat ordusundakı xidmətlərinə görə irad tutulur. Əslində isə bir il əvvəl olmuş Gəncə üsyanı ilə bağlı şübhəli şəxs kimi sorğu-suala tutulduğu aydın hiss olunur. İyunun on səkkizində generaldan rus dilində belə bir izahat alınıb:

“Müsavat vaxtı mən Bakı şəhər komendantı idim. Bu vaxta qədər Tiflisdə yaşayırdım. 1919-cu ildə Müsavat hökumətinin dəvətilə Bakıya gəldim və Sovet hökuməti Azərbaycana gələnə qədər həmin vəzifədə işlədim. Nə Müsavat vaxtı, nə də Sovet hökuməti gələndən sonra mən heç bir partiyanın üzvü olmamışam. Nikolay ordusunda otuz səkkiz illik xidmətimdə süvari qoşunlarında qulluq etmişəm. Sovet hökumətinin Azrəbaycana gəlişindən sonra əvvəlcə Çingiz İldırımın qərargahında ehtiyat zabiti vəzifəsində saxlanılmışam. Beş-altı ay əvvəl isə yoldaş Əliheydər Qarayevin yanında xüsusi tapşırıqlar üzrə əməmdaş kimi çalışmışam. Burada olanda xidməti işimlə əlaqədar üç qəzada ezamiyyətdə olmuşam: birinci dəfə Gəncədə, ikinci dəfə Zaqatalada və üçüncü dəfə isə Qazaxda.

Sual: - Gəncədə kimlərlə görüşdünüz və tanıdığınız Müsavat liderləri ilə əlaqələriniz varmı?

Cavab: - Gəncədə mən keçmiş mülkədar Ağasıbəyovu, Qoşqarovu, Usubbəyovu, Seydəli Mir Kazımbəyovu tanıyırdım. Bunlardan başqa Gəncədə tanıdığım adam yoxdur. Xəlil Şakirov adlı şəxsi tanımıram və heç vaxt da onunla görüşməmişəm. Müsavat liderləri ilə elə bir yaxınlığım olmayıb, onları dövlət başçısı kimi tanıyırdım. Nə qədər ki, Bakıda, Azərbaycanda olmuşam həmişə də hərbi xidmətimlə məşğul idim. Heç bir partiyanın, təşkilatın üzvü deyildim. Təkrar edirəm, mən hərbiçiyəm, hərbi nizamnaməyə tabe olan süvari-kavaleriya generalıyam. Sizin dediyiniz “İttihad-islam” və “Turanın böyük İslamı” partiyaları haqqında heç nə eşitməmişəm, heç nə bilmirəm.

Oxudum: general Firidnn bəy Vəzirov.

İmza atan general sonda öz dəsti-xəttilə belə bir cümlə də yazmışdır: özümü heç nədə, heç bir hadisədə günahkar bilmirəm.

1921-ci il iyunun on doqquzunda Azərbaycan Respublikası Xalq Komissarları sovetinin sədri Nəriman Nərimanovun və katibinin imzası ilə Fövqəladə Komissiyanın Komendantının ünvanına min altı yüz iyirmi saylı order göndərilib. Orada oxuyuruq: “Sizə tapşırılır ki, bu orderi alan kimi vətəndaş Firidun bəy Vəzirovu (keçmiş generalı) həbsdən azad edəsiniz”.

Ancaq “sapı özümüzdən” olan baltalar yatmamışdılar. Onlar ideya qardaşı olan bolşevik-daşnak havadarlarının köməyi ilə özümüzün sağlam kökümüzü doğrayırdılar.

1925-ci ildə bolşevik orqanı olan “Qızıl əsgər” jurnalının dördüncü sayında Dağlı Əli Hüseyn adlı birisi “Müsavat zamanında necə işləyirdik?” sərlövhəli yazı ilə çıxış etdi. Cəmi üç səhifəlik yazısında o, 1919-1920-ci illərdə Xankəndində, Qusarda və Bakıda Müsavat ordusunda bolşevik təbliğatı apamasından, agent kimi ruslara quyruq bulayıb xəbər daşmasından fəxrlə yazır. Milli qeyrətli zabit və generallarmıza qara yaxan Dağlı Əli Hüseynin yazısının bir yerində oxuyuruq:

“Nəhayət, Rusiya ordusu Azərbaycan sərhədlərinə yaxınlaşır. Bakı proletariyası inqilab ruhu ilə qaynaşır və 29 aprel yetişir. Mən o zaman Bakı Mövqe Komandanlığında xidmət edirdim. Tağımımız qırmızı ordunu qarşılamaq üçün vağzala getmək istəyirdi. Hərəmiz bir parça döşümüzə qırmızı taxmışdıq. Bu zaman mövqe komandiri general Vəzirov Firidun bəy idarəyə girdi. Bu dəfə çavuş tərəfindən diqqət komandası verilmir. General Məndən xəbər aldı:

- Əli Hüseyn, bu nə xəbərdir. Döşlərinizdə qırmızı nədir? Mən cavab verdim:

- Bu gündən etibarən sizlər yox, bizlər ordu təşkilində olacağıq. Bizlər mövqe komandiri vəzifəsini daşıyacağıq.

General Firidun bəy Vəzirov bu sözləri eşidib başını aşağı saldı və bayıra çıxdı”.

Namərd dağlı Əli Hüseynin yazısından sonra general yenidən həbs edilir. Bu dəfə onun imdadına çatan olmadı. 1925-ci il iyunun 30-da yetmiş beş yaşında onu güllələdilər. Nəriman Nərimanov kimi qeyrətli, milli təssübkeşli oğlumuz həmin ili martın 19-da Moskvada vəfat etmişdi. Azərbaycanda Kirov, Mirzoyan, Sərkis Danilyan, Əliheydər Qarayev kimi pambıqla baş kəsənlər at oynadırdılar.

Yazımızın əvvəlində qeyd etmişdik li, istər Tiflis arxivində, istərsə də generalın qızı mərhum Nigar xanımda atası haqqında çox qısa məlumatlar vardı. O vaxtdan aylar, illər keçirdi. Çoxsaylı ziyalı ailələrinin qocaman nümayəndələri ilə görüşəndə söhbət zamanı general Firidun bəy Vəzirov haqqında da soruşurdum. Nə arxiv sənədlərindən, nə də görüşdüyüm adamlardan general haqqında heç bir soraq ala bilmirdim.

Ötən ilin (2003-cü ildə) payızında hansı bir xeyirxahınsa Mərkəzi Dövlət Tarix Muzeyinə general Firidun bəy Vəzirovun sənədlərini təqdim etdiyindən xəbər tutdum. Bu qiymətli sənədləri vərəqləyəndə istər-istəməz nə vaxtsa, kiminsə dediyi zərb-məsələ dönmüş sözlər ürəyimdən keçdi: “Əlyazmalar heç vaxt yanmır”. Bu doğrudan da belədir.

General-Mayor Firidun bəy Cəlal bəy oğlu Vəzirovun “Hərbi xidmət kitabçası”ndan sətirlər:

1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə Məhkəmə iclasçısı, anası Əsmət xanım evdar qadın idi. Firidun bəy ilk təhsilini Tiflis Klassik gimnaziyasında almışdır. 1868-ci ildə Yelizavetqraddakı yünkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Hərbi xidmətə unter-zabit rütbəsində yeddinci Belorus Qusar alayında başlamışdır.

1877-ci ildə Tver-Draqun alayında xidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin etdilər. Onun komandirlik etdiyi eskadron avqustun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaxınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizlədi. Bu müharibədə komandirlik qabiliyyətinə görə onu tunc medalla, bir də üçüncü Aleksandrın imperatorluq etməsinin ildönümü şərəfinə gümüş medalla mükafatlandırdılar. Müharibədən sonra xidmət yeri ikinci Qafqaz kavaleriya diviziyasına dəyişdirilən podpolkovnik Firidun bəy Vəzirovu əlaçı zabit kimi Qafqaz-Hərbi Dairə Məhkəməsinin üzvü seçdilər.

1897-ci il oktyabrın 13-də polkovnik rütbəsi ilə təltif olunan Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin olundu. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi xidmətdə olan Firidun bəy Vəzirov 1906-cı il aprelin 18-də general-mayor rütbəsilə təltif olundu. Həmin il ordudan tərxis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Mixaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır.

Nizami qoşun hissələrində otuz səkkiz illik qüsursuz xidmətində general Firidun bəy Vəzirov yüksək ali ordenlərlə təltif olunmuşdur. O, 1882-ci il yanvarın 19-da üçüncü dərəcəli “Müqəddəs Stanislav” (Müsəlmanlar üçün təsis olunmuş), 1889-cu il mayın 6-da üçüncü dərəcəli “Müqəddəs Anna”, 1893-cü il iyunun 15-də ikinci dərəcəli “Müqəddəs Stanislav”, 1898-ci il sentyabrın 22-də dördüncü dərəcəli “Knyaz Vladimir”, 1902-ci il avqustun 1-də ikinci dərəcəli “Müqəddəs Anna”, 1905-ci il noyabrın 20-də üçüncü dərəcəli “Knyaz Vladimir” ordenləri ilə təltif olunmuşdur.

General-Mayor Firidun bəy Vəzir ova məxsus sənədlər arasında birisi diqqətİMİzi  xüsusilə çəkdi. Rus və ərəb əlifbasında yazılmış “Beşik mahnıları”. Məşhur marifçi İsmayıl bəy Əfəndiyevin Nuxa qəzasının kəndlərindən topladığı bayatıları, beşik mahnılarını, atalar sözlərini general rus dilinə tərcümə edib. Uzun müddət Rusiyanın ayrı-ayrı şəhərlərində yad mühütdə hərbi xidmətdə olmasına baxmayaraq general Firidun bəy Vəzirov ana dilimi incəliklərinə qədər qoruyub saxlaya bilib.