success closed Loading...

Repressiyanın qadın qurbanları - Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşı leytenant Tevosyanın əli ilə güllənənən Qayıbova Xədicə Osman qızı

Bolşeviklərin xalqımıza qarşı apardığı repressiyalar barəsində demək olar ki, bilməyən yoxdur. Ancaq bu barədə ümumi məlumatlarımız olsa da, repressiyaya məruz qalan yüzlərlə, minlərlə insanlarımız var ki, onların haqqında hələ də doğru-dürüst məlumatımız yoxdur. Müstəqillik qazandığımız illərdə arxivlərdə işləmək nisbətən yumşaldıqda akademik Ziya Bünyadov arxivlərdən günahsız repressiyaya məruz qalıb sürgün edilənlər və ya güllənənlər haqqında araşadırmalar aparıb.

Enter.News akademikin araşdırdığı həmin materiallardan birini - xalqımızın günahsız qızı QAYIBOVA XƏDİCƏ XANIM OSMAN qızının acı taleyi haqqında olan yazısını təqdim edir:

30-cu illərin minlərlə qurbanları arasında adlı-sanlı qadınlarımız da az deyildi. Bu yazımda onlardan birisinin haqqında - görkəmli pianoçu və Bakı­da Şərq konservatoriyasının qurucusu Qayıbova Xədicə xanımın həyatının son ayları haqda oxuculara məlumat vermək niyyətindəyəm. 1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin üçüncü şöbə rəisinin müa­vini, leytenant Tevosyan belə bir arayış hazırlayır: “Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman, 1893-cu ildə anadan olan, Azərbaycan Dövlət Konservatoriyasının keçmiş müəlliməsi Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə idi, həmin qərargahların za­bitlərini evinə qonaq çağırırdı. Azərbaycanın sovetləşməsindən sonra Qayıbova öz evində müsavat firqəsinin liderlərindən olan Mustafa Vəkilovu gizlətmişdir. Vəkilovu həbs etmək üçün gələndə Qayıbova ona qaçmaq üçün imkan yaratdı. Vəkilov xaricə qaçıb və indi Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti azərbaycanlı Sultan Hüseynzadə gizlənirdi. Qayıbovanın evindən o, İrana qaçıb və ora­da alman və yapon kəşfiyyatlarına xidmət edir.

Əksinqilabi millətçi təşkilatının rəhbərlərindən biri - Fərəczadənin 1937-ci il iyulun 17-də verdiyi ifadədən görünür ki, Türkiyə kəşfiyyatının agenti Dadaş Bünyadzadə həmin kəşfiyyatla əlaqəsini Qayıbova Xədicə xanımın vasitəsilə saxlayırdı. Qayıbovanın əri Rəşid Qayıbov Azərbaycan SSR DİXK tərəfindən ək­sinqilabi millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. 1933-cü ildə Qayıbova casusluqda təqsirləndirilərək Azərbaycan Döv­lət Siyasi idarəsi tərəfindən həbs edilmiş, amma ittiham sübut olunmadığı üçün azad edilmişdir. Yuxarıdakılara əsasən Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68-ci maddəsinə görə istintaqa cəlb edilməlidir”.

1938-ci il martın 16-da leytenant Tevosyan belə bir qərar çıxarır: “Qayıbova Xədicə xanım casusluqda kifayət qədər ifşa olunduğu üçün qərara aldım: vətəndaş Qayıbova Xədicə xanım Azərbaycan SSR CM-nın 68-ci maddəsinə əsasən müttəhim sifətilə işə cəlb edilsin”.

1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik idarəsinin 4390 nömrəli orderinə əsasən Qayıbova Xədicə xanım Şah döngəsi 16 nömrəli evdə həb­sə alınmışdı (Qayıbovanın o vaxt 23 yaşlı Abdulkərim adlı oğlu və 12 yaşlı Alanqu adlı qızı var idi).

1938-ci il martın 20-də keçirilən birinci dindirmədən:

Müstəntiq: İstintaq müəyyən edib ki, siz əksinqilabi fəaliyyətlə məşğul idiniz. Özünüzü müqəssir bilirsinizmi?

Cavab: Mən əksinqilabi fəaliyyətlə məşğul olmamışam və bu barədə özümü müqəssir bilmirəm.

Müstəntiq: Siz yalan cavab verdiniz, təklif edirəm ki, doğru danışasınız.

Cavab: Mən öz cavabımı təsdiq edirəm.

Müstəntiq: Sizin tanışlarınızdan xaricdə kim yaşayır?

Cavab: Qardaşım Məmməd Müftizadə. O, Türkiyəyə 1917-ci ildə gedib, onunla əlaqəm yoxdur. 1922-23-cü illərdə Bakıda İran konsulu olan Məmmədxan, indi o haradadır, bilmirəm və onunla əlaqəm yoxdur. Müsa­vatın zabiti Sultan Hüseynzadə 1925-ci ildə gizli yolla İrana qaçıb. İndi nə ilə məşğuldur, bilmirəm. Əlaqəm yoxdur.

Müstəntiq: Son üç-dörd ildə si­zin tanışlarınızdan Sovet hökuməti tərəfindən kim cəzalandırılıb?

Cavab:

- Ərim Qayıbov Rəşid - DİXK tərəfindən 1937-ci ilin noyabrında həbs edilib.

- Dadaş Bünyadzadə - Azərbaycan SSR XKŞ-nın sabiq sədri. Qəzet­lərdən bildim ki, o, xalq düşməni kimi həbs edilib.

- Həmid Sultanov və onun arvadı – o, sabiq Xalq Ədliyyə Komissarıydı. 1937-ci ilin yayında xalq düşməni kimi həbs edilib.

- Əliheydər Qarayev və onun arvadı. Nəyə görə həbs ediliblər, bil­mirəm. Qəzetlərdən öyrəndim. Moskvada yaşayırdılar.

- Opera teatrının müdiri Şahbazov. 1937-ci ildə həbs olunub.

- Əliyev Baba - Azərbaycan SSR MİK-in sədr müavini. 1937-ci ildə həbs olunub.

Yuxarıda saydığım tanışlarımla, ərimdən başqa, heç bir münasibətim olmayıb, yalnız işdə və incəsənət aləmində.

1938-ci il martın 23-də keçirilən ikinci dindirmədən:

Müstəntiq: 1917-1920-ci illərdə siz haradaydmız?

Cavab: 1917-ci il­dən 1919-cu ilin sonunadək mən Tbilisidə idim. 1919-cu ilin sonundan həbs olunan günə kimi mən Bakıda yaşayırdım.

Müstəntiq: Bakıda olan türk və ingilis qoşunlarının zabitlərindən kimi tanıyırdınız?

Cavab: Türk qoşunlarının rəhbərlərindən biri Xəlil paşa mənə tanış idi. Onun adyutan­tı Cavad bəyi və təyyarəçi zabit Əşrəf Təmuçini də tanıyırdım. İngilislər arasında tanışlarım yox idi.

Müstəntiq: Yuxarıda adlarını çəkdiyiniz türk zabitləri ilə tanışlığınız nə ilə ifadə olunurdu?

Cavab: Xəlil paşa tanış kimi dəfələrlə bizim evə gəlibdi. Məni onunla qardaşım Məmməd Müftizadə Tbilisidə tanış etmişdi. Cavad bəylə məni Xəlil paşa tanış etmişdi. Aramız­da heç bir şey olmayıb. Təyyarəçi zabit Əşrəf Təmuçinlə məni indi xalq düşməni kimi ifşa olunmuş Çingiz İldırım tanış etmişdi.

Müstəntiq: Mü­savat ordusunun zabitlərindən sizə kim tanış idi?

Cavab: General Əliağa Şıxlinski. Mənim keçmiş ərimin qohumudur. General Usubov İbrahim də ərimin qohumudur. Zabit Sultan Hüseynzadə bir zaman mənə bənd olmuş­du və hərdənbir məni teatra dəvət edirdi. Başqa tanış zabitlərim yox idi.

Müstəntiq: Sovetləşmədən sonra sizin evinizdə sovet orqanlarından giz­lənən olubmu?

Cavab: Sovetləşmədən sonra yaşadığım evdə 10-15 gün ərzində müsavat firqəsinin və hökumətinin liderlərindən biri Mustafa Vəkilov gizlənirdi. Müstəntiq: Vəkilovun gizlənməsinə kim kömək edirdi?

Cavab: Vəkilovun qaçmasına bilavasitə mən kömək etmişəm və özümü təqsirkar hesab edirəm ki, Vəkilovun qaçması haqda bilə-bilə bu barədə heç kəsə deməmişəm. Onun gizlənməsində Mirzə Davud Hüseynovun da təqsiri var. Müstəntiq: Mustafa Vəkilov haraya qaçdı?

Cavab: Düzü­nü deyə bilmərəm, guya Türkiyəyə.

Müstəntiq: Qaçandan sonra Vəkilovla əlaqəniz olubmu?

Cavab: Onunla əlaqəm yoxdur.

1938-ci il martın 25-də keçirilən üçüncü dindirmədən:

Sual: Müsavat firqəsinin və parlamentinin keçmiş lideri olan Mustafa Vəkilovun gizlənməsi və qaçmasında özünüzü təqsirkar bilirsinizmi?

Ca­vab: Mustafa Vəkilovun qaçmağını bilərək heç kəsə xəbər verməməyimdə özümü təqsirkar bilirəm. Lakin bundan mənim heç bir məqsədim olmayıb və bir də bu haqda Azərbaycan inqilabi komitəsinin sədri Mirzə Davud Hüseynov da bilirdi.

1938-ci il aprelin 2-də keçirilən dördüncü dindirmədən:

Sual: Vəkilovun sizin evinizdə gizlənməsi haqda siz bir yerə xəbər verdinizmi?

Cavab: Xeyr, bu haqda mən heç kəsə deməmişdim.

Sual: Vəki­lov SSRİ-də leqal yaşamaq istəməsi haqda sizə deyibmi?

Cavab: Bəli, o, SSRİ-də qalmaq istəyirdi.

Sual: Vəkilovun bu fikrini siz bir adama çatdırmısınızmı?

Cavab: Maraqlanıb, mən bu barədə Mirzə Davud Hüseyno­vun fikrini bilmək istədim. Mən ona dedim ki, Vəkilovun gizlənməsindən xəbərdaram, amma onun harada qalması haqda Mirzə Davuda demədim. Mirzə Davud mənə dedi: “Vəkilovu mən yaxşı tanıyıram və onun haqqın­da mən yalnız müsbət fikirdəyəm. Buna görə də onun SSRİ-də qalmasına etiraz etmirəm”. Bu sözləri mən Yəkilova çatdırdım.

Sual: Mustafa Vəkilovun xaricə qaçmağında kömək edən Sultan Hüseynzadə kimdir?

Cavab: Keçmişdə o, müsavat ordusunun zabiti idi. Üç-dörd dəfə həbs olunandan sonra o, 1924-25-ci illərdə xaricə qaçmışdır.

Sual: Sultan Hüseynzadənin həbsdən azad edilməsi üçün siz kimlərə müraciət etmişdiniz?

Cavab: Sul­tanın azad edilməsi haqda mən Azərbaycan hərbi komissarı Əliheydər Qa­rayevə və Mirzə Davud Hüseynova müraciət etmişdim.

Sual: Deyin görək, siz daha kimin həbsdən azad edilməsini xahiş etmisiniz? Cavab: 1925-ci ildə mənim yaxın tanışım, “Kommunist” qəzetinin əməkdaşı Yusifzadə həbs olundu, mən Mircəfər Bağırovdan onun azad olunmasını xahiş etdim, Bağırov söz verdi ki, məsələylə tanış olar və əgər onun təqsiri yoxdursa, həbsdən buraxdırar. Amma təxminən bir ildən sonra mən bildim ki, Yu­sifzadə müsavatçı kimi 10 il həbsə məhkum edilib.

Sual: Türkiyə və İran konsulxanalarının əməkdaşlarından kiminlə tanışlığınız var idi?

Cavab: Türk konsulu Məmduh Şövkət bəyi tanıyırdım. O, Fərid bəyi əvəz etdi, iranlılardan Məmməd xanı, Ramazan xanı və İsmayıl xanı tanıyırdım.

1938-ci il aprelin 5-də keçirilən beşinci dindirmədən:

Sual: İstintaq müəyyən edib ki, siz müəyyən bir xarici dövlət mənafe­yinə casusluq edirsiniz.

Cavab: Bu yalandır. Mən casusluqla heç vaxt məş­ğul olmamışam.

Sual: İstintaq müəyyən edib ki, xarici kəşfiyyat nümayən­dələrindən birisi Dadaş Bünyadzadə sizin vasitənizlə bir xarici dövlətin kəşfiyyatıyla rabitə saxlayırdı. Cavab: Bu yalandır. Mən heç vaxt Dadaş Bünyadzadədən xarici kəşfiyyatla əlaqədar tapşırıqlar almamışam.

Sual: Belə hal olubmu ki, müəyyən xarici dövlətin adamlarma ötürmək üçün Dadaş Bünyadzadə sizə ayrı-ayrı tapşırıqlar versin?

Cavab: Yox, heç vaxt. Mənim 1926-cı ildən xarici konsulxanaların əməkdaşları ilə heç bir əlaqəm yoxdur.

1938-ci il aprelin 11-də keçirilən altıncı dindirmədən:

- Mən 1893-cü ildə Tiflisdə anadan olmuşam. Atam Müftizadə Osman, anam Terequlova Züleyxadır. Mən müqəddəs Nina adına bağlı məktəbdə oxuyurdum. Musiqidən dərsləri mənə böyük ustadlar verirdilər - L.F.Knina və Truskovski. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının birin­ci günündən mən incəsənət və musiqi sahəsində işləyirdim. Xalq Maarif Komissarlığı nəzdində olan “Şərq musiqisi” adlı şöbəyə müdir təyin olun­dum. Mən Şərq Konservatoriyasını yaratdım və oraya bütün peşəkar musiqiçiləri dəvət etdim. Həmin musiqiçilər elə o zaman təşkil olunan Şərq orkestrinə daxil oldular. Sonra türk qadınları üçün musiqi-dramatik studiya açıldı ki, burada səhnə üçün türk qadınlarından kadrlar hazırlanmalıydı.

Studiyanın işi dəyişəndən sonra mən yaradıcı işlə məşğul olub konsert­lər verdim və musiqinin əsaslarını da mükəmməl öyrənmək üçün 1927-ci ildə konservatoriyanın kompozisiya nəzəriyyəsi sinfinə daxil oldum. Eyni zamanda konsert verir və teatr texnikumunda dərs deyirdim. 1934-cü ildən konservatoriyada elmi tədqiqat işi aparırdım.

1938-ci il aprelin 12-də keçirilən yeddinci dindirmədə müstəntiq Xə­dicə xanımın birinci əri Rəşid Qayıbovun “praktiki əksinqilabi fəaliyyəti” ilə maraqlanırdı.

Aprelin 23-də keçirilən səkkizinci dindirmədə Qayıbovanın qardaş və bacıları haqda danışıq gedirdi.

1938-ci il aprelin 28-də keçirilən doqquzuncu dindirmədən:

Sual: Sizə ikinci dəfə təklif edilir ki, müəyyən xarici dövlətin kəşfiy­yat agenti kimi siz öz praktiki casusluq fəaliyyətiniz haqda müfəssəl da­nışasınız.

Cavab: Mən heç vaxt kəşfiyyat agenti olmamışam və casusluq da etməmişəm.

Sual: Siz doğru danışmırsınız. İstintaq müəyyən edib ki, Türkiyə kəşfiyyatının agentlərindən biri olan Dadaş Bünyadzadə casusluq məqsədi ilə sizə ayrı-ayrı tapşırıqlar verir və sizin şəxsən vasitəçiliyinizlə Türkiyə kəşfiyyatı ilə əlaqə saxlayırdı.

Cavab: Mən təsdiq edirəm ki, mə­nim vasitəçiliyimlə Dadaş Bünyadzadə Türkiyə kəşfiyyatı ilə heç bir əlaqə saxlamırdı və o, mənə heç bir tapşırıq vermirdi.

Sual: Deyin görək, siz Əsgər Məmməd oğlu Fərəczadə ilə tanışsınızmı?

Cavab: 1933-cü ildə ərim Şamxorda birinci katib işləyəndə, Fərəczadə Əsgər o vaxt Azərbaycan KP tədarük müvəkkili idi.

Müttəhim Fərəczadənin 1937-ci il iyulun 17-də olan dindirilməsindən: «Dadaş Bünyadzadə Türkiyə kəşfiyyatçısı ilə əlaqəsini öz şəxsi katibi Mu­ravyov və Xədicə xanım Qayıbovanm vasitəsilə həyata keçirirdi» (Fərəc­zadənin özü də xalq düşməni kimi güllələnib).

1938-ci il mayın 7-də Qayıbova Xədicə xanımın işi üzrə istintaqın qurtarması haqda protokol tərtib olunur.

Mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittiham- namə tərtib edir. Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir hesab edilir.

Altı aydan sonra çıxarılan, 1938-ci il oktyabrın 19-u tarixli Azərbaycan SSR XDİK-in xüsusi üçlüyünün qərarı:

Eşidildi: 1893-cü ildə anadan olmuş Qayıbova Xədicə xanım Osman qızının 23311 nömrəli istintaq işi.

Qərara alındı: Qayıbova Xədicə xanım Osman qızı - Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əm­lakı müsadirə edilsin.

Qərara DTK Birinci Xüsusi şöbənin rəisi leytenant Sovçenko qol çəkib.

1954-ci il oktyabrın 24-də Qayıbova Xədicə xanımın qızı Sultanova Alanqu Azərbaycan SSR Daxili işlər Nazirinin adına ərizə yazıb xahiş edir ki, ona “məktublaşmadan məhrum olaraq 10 il həbs cəzası olan” anasının taleyi haqda məlumat versin.

1955-ci il aprelin 28-də DTK Xüsusi şöbəsinin baş müstəntiqi mayor Menyayev Qayıbova Xədicə xanımın qızı Sultanova Alanqunun ərizəsinə aid qərar çıxarır:

“Qayıbova yalnız Fərəczadənin yoxlanmamış və səthi ifadələri ilə ifşa olunurdu. Lakin bu ifadələr Dadaş Bünyadzadənin işində olan sənədlərdə öz təsdiqini tapmadılar, istintaq isə Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməmişdir. Buna görə də Azərbaycan SSR XDİK Xüsusi üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilib ləğv olun­malıdır. Qayıbovanın hərəkətlərində cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır”.

1956-cı il yanvarın 27-də Zaqafqaziya hərbi Dairəsinin hərbi prokuroru polkovnik Sumarev Qayıbova Xədicə xanımın işi üzrə etiraz vermişdir:

“Azərbaycan SSR XDİK Xüsusi üçlüyünün Qayıbova Xədicə xanımın Osman qızı haqda 1938-ci il oktyabrın 19-u tarixli qərarı ləğv olunmalı və onun hərəkətlərində cinayət tərkibi olmadığı üçün iş xətm edilməlidir”.

1956-cı il fevralın 14-də Zaqafqaziya hərbi Dairəsinin hərbi tribunalı belə qərara gəldi:

“Zaqafqaziya hərbi prokurorunun etirazı təmin olunsun, Azərbaycan SSR XDİK Xüsusi üçlüyünün Qayıbova Xədicə xanım Osman qızının gül­lələnməsi haqda 1938-ci il oktyabrın 19-u tarixli qərarı ləğv olunsun və Qayıbovanın hərəkətlərində cinayət tərkibi olmadığı üçün onun işi xətm olunsun”.

1956-cı il fevralın 29-da Qayıbova Xədicə xanımın qızı Alanqu anası­nın işinin xətmi və onun təmiz bəraəti haqda arayış almışdır.