success closed Loading...

Antisovet əks-inqilabi təşkilatın qurucuları məhkəmə qarşısında onların son sözləri - III YAZI


Yazının əvvəlini bu linkdən oxuyun

Mərhum akademik Ziya Bünyadovun qələminin məhsulu olan bu yazı “İldırım” adlı antisovet əks-inqilabi millətçi tələbə-gənclər təşkilatının “ifşa olunmasına” həsr edilib. Bu gənclərin “ifşa” olunması onların Səməd Vurğuna yazdıqları imzasız məktubdan sonra baş verib. Məktubda qeyd edilir ki, “...əgər siz heç olmazsa bizim bu fikirlərimizin biri ilə razılaşırsınızsa, o zaman bunu bizə bildirmək məqsədilə Azərbaycan şərəfinə “Vətən ulduzları” adlı bir şeir yazın”. Bundan sonra yəqin ki, şair ona belə bir məktubun gəldiyini müəyyən qurumlara xəbər verir. Belə bir iddia da var ki, məktub heç Səməd Vurğuna çatmamış DTK əməkdaşları ondan xəbərdar olurlar.

Sözün düzü, repressiya illərinin tam da sakitləşmədiyi bir dönəmdə hər zaman başının üstündə qara buludlar dolaşan Səməd Vurğun təbii ki, belə bir riskə qol qoymazdı. Çünki bu imzasız məktubu göndərən tərəf sovet “KQB”-si də ola bilərdi.

Bu iddiaların hansı doğru, hansı yalandır, bu artıq bir tarixdir. Əsas olan odur ki, məktub sovet DTK-sının əməkdaşlarının əlinə keçir və imzasız məktub sahibləri müəyyən edilib, işgəncələrə məruz qalırlar.

Enter.News 1990-cı il “Azərbaycan gəncləri” qəzetində çap olunan dörd hissədən ibarət olan həmin məqalənin üçüncü hissəsini oxuculara təqdim edir:

1948-ci il. Oktyabr ayının 21-də ADU-nun aspirantı Abdullayev Gülhüseyn Hüseyn oğlunun həbs olunması haqqında (Azərbaycan SSR CM 72 və 73 maddələrilə ittiham olunurdu) qərar qəbul edilir və o, oktyabrın 23-də 339 nömrəli order əsasında həbs olunur.

1948-ci il oktyabrın 23-də keçirilən birinci dindirmədə müstəntiq: “Siz antisovet fəaliyyətinizə görə həbs edilmisiniz. Mahiyyəti üzrə ifadə verin”. G. Abdullayevin cavabı: “Qətiyyətlə deyirəm ki, mən antisovet işlərlə məşğul olmamışam”.

Oktyabrın 25-dəki ikinci dindirmədə Abdullayev Gülhüseyn yenə də cavab verir ki, o, heç vaxt antisovet-millətçi fəaliyyətdə olmayıb. Müstəntiq bu barədə beş dəfə soruşub, beş dəfə də “xeyr, yox” cavabını alıb.

Oktyabrın 26-da keçirilən üçüncü dindirmədə Gülhüseyn birinci dörd suala yenə də rədd cavabları verib. Müstəntiqin beşinci sualı: “Gəlin müqavimət göstərməyin. İstintaqın kifayət qədər məlumatı var ki, Siz antisovet millətçi fəaliyyətlə məşğul olmuşsunuz. Bir də soruşuram – Siz antisovet fəaliyyətiniz haqqında doğru ifadə verəcəksiniz, ya yox?”.

Cavab: “Mən qərara gəldim ki, müqaviməti atıb, bütün məsələ haqqında doğru ifadə verim. 1944-cü ilin yazında Rəhimov İsmixan mənə antisovet-millətçi qrup yaratmağı təklif etdi. Bu qrupa antisovet millətçi ruhlu ali məktəb tələbələri daxil olmalı idilər. Mən buna razılıq verdim”.

Sual: “Bu yığıncaqda sədr kim seçilmişdir?”.

Cavab: “Rəhimov İsmixan. O, dedi ki, bizim təşkilatın məqsədi müstəqil Azərbaycan respublikası uğrunda mübarizədir”.

Oktyabrın 27-də keçirilən dördüncü dindirmədən.

news-detail

Gülhüseyn: “Rəhimov İsmixanın bizə oxuduğu andın mətni belə idi: “Mən bu antisovet millətçi gənclər təşkilatına daxil oluram və təşkilatın bütün tapşırıqlarını namusla, tərəddüdsüz yerinə yetirməyi boynuma alıram. Lazım olsa, həyatımdan da keçərəm”. Biz hamımız yekdilliklə bu andı qəbul etdik. Təşkilata “ildırım” adını 1944-cü ildə vermişik. Təşkilatımızın əsas məqsədi müstəqil Azərbaycan respublikasının yaranması, onun Sovet İttifaqından çıxması uğrunda mübarizə idi. Təşkilatımızın fəaliyyəti təqribən 1944-cü il fevral ayının axırından başlandı”.

1948-ci il noyabr ayının 4-də Abdullayev Gülhüseynə elan olundu ki, o, Sovet hökumətinə, düşmənçiliyinə, antisovet təşkilatın üzvü olmağına və Sovet hökumətinin əleyhinə antisovet millətçi işinə görə Azərbaycan SSR CM 72, 2 h. və 73 m. ilə müqəssir hesab edilir.

1948-ci il noyabrın 23-də keçirilən dindirmədə Abdullayev Gülhüseyn göstərdi ki, təşkilatın sədri Rəhimov İsmixan və katibi Vahidov Aydın idilər. Təşkilat gizli şifrli əlifba düzəltmək istəyirdi və adsız sənədlərin nəşri üçün mətbəə axtarırdı.

1949-cu il fevralın 4-də Abdullayev Gülhüseyni əlavə olaraq CM 21-64 maddəsilə təqsirləndirdilər.

1948-ci il noyabrın 5-də Azərbaycan Sənaye İnstitutunun V kurs tələbəsi Əliyev Kamal Əlibaxış oğlunun həbsi haqqında qərar qəbul edildi.

Həmin gün o, 398 nömrəli orderə əsasən həbs olundu.

1948-ci il noyabrın 6-da keçirilən dindirmədə Əliyev Kamal antisovet millətçi fəaliyyətlə məşğul olmadığı haqqında ifadə verdi. 1948-ci il noyabrın 7-dəki dindirmədə Kamalın ifadəsi: “Mən qərara gəldim ki, öz antisovet fəaliyyətim haqqında doğru ifadə verim. Abdullayev deyirdi: “Hər bir azərbaycanlı öz xalqını sevməlidir. Yaxşı olardı ki, Azərbaycan respublikası müstəqil yaşayaydı və tam müstəqil olaydı. Bizim Azərbaycanımız SSRİ-dən tamamilə ayrı dolana bilər. Abdullayev Gülhüseyndən mən öyrəndim ki, bizim təşkilat “Vətən azadlığı” adlanır”.

1949-cu il fevralın 4-də Əliyev Kamala elan edildi ki, o, Azərbaycan SSR CM 72 m. 2 h., 73 m. və 21-64 m. ilə ittiham olunur.

1948-ci il noyabrın 5-də Azərbaycan Sənaye İnstitutunun tələbəsi Vahidov Aydın Məcid oğlunun həbsi haqqında qərar qəbul edilir. Ayın 6-da o, 399 nömrəli orderə əsasən həbs olunur.

1948-ci il noyabrın 6-da keçirilən birinci dindirmədə Vahidov Aydın ona isnad olan antisovet millətçi fəaliyyətini inkar edir. Ayın 7-dəki ikinci dindirmədə Vahidov göstərir ki, onu antisovet millətçi təşkilata Əliyev cəlb etmişdi və onların bu təşkilatı “İldırım” adlanırdı. Noyabrın 17-də keçirilən dindirmədə Vahidov qəbul etdikləri andın mətni haqqında dedi: “And belə idi: “Yoldaşlarıma and içirəm ki, axıra qədər xalqımın istiqlaliyyəti uğrunda mübarizəyə sadiq qalacağam”. Andı biz 1943-cü və ya 1944-cü ildə qəbul etdik”.

1948-ci il noyabrın 17-də Vahidov Aydına bildirildi ki, o, Azərbaycan SSR CM 72 m. 2 h. və 73 m. ilə ittiham edilir. 1949-cu il fevralın 5-də o, əlavə olaraq CM 21-64 maddəsi ilə ittihamlandı.

1948-ci il noyabrın 5-də ADU-nun aspirantı Ələsgərov Azər Əbdülxalıq oğlunun “antisovet fəaliyyətinə” görə həbs olunması haqqında qərar çıxarıldı və noyabrın 7-də 401 nömrəli orderə əsasən, o, həbs edildi.

1948-ci il noyabrın 7-dəki dindirmədə müstəntiq, Ələsgərova dedi: “Siz antisovet millətçi fəaliyyətiniz haqqında müfəssəl ifadə verin”.

Cavab: “Mən antisovet millətçi ruhunda birinci dəfə Zeynalov Hacı tərəfindən sövq edilmişəm. Bu da 1943-44-cü tədris ilində olub”.

Müstəntiq: “Siz antisovet gənclər təşkilatının üzvü olmağınızı boynunuza alırsınız?”.

Cavab: “Bəli, mən bunda özümü müqəssir bilirəm”.

news-detail

Noyabrın 15-dəki dindirmədə Ələsgərov göstərir: “Mən bizim antisovet gənclər təşkilatının altı gizli yığıncağında olmuşam. Bizim antisovet təşkilatın xəzinədarı Zeynalov Hacı idi. O, təxminən 1.000 və ya 1.100 manat üzvlük haqqı yığmışdı. Təşkilatımızın hər üzvü ayda 50 manat verirdi. Təşkilatımız “İldırım” adlanırdı və rəhbərimiz Rəhimov İsmixan idi”.

1948-ci il noyabrın 18-də Ələsgərov Azərə deyildi ki, o, Azərbaycan SSR CM 72 m. 2 h. və 73 m. ilə ittiham olunur. 1949-cu il fevralın 4-də o, CM 21-64 maddəsi ilə də ittiham edildi.

1948-ci il noyabrın 5-də APİ-nin aspirantı Abdullayev Musa Mirməmməd oğlunun həbs edilməsi haqqında qərar çıxarıldı və noyabrın 11-də o, 402 nömrəli orderə əsasən həbs olundu.

Abdullayev Musa izahat verdi ki, o, antisovet təşkilatına Rəhimov İsmixan tərəfindən cəlb edilib. “Təşkilatın yığıncaqları Zeynalovun, Ələsgərovun və mənim evimdə keçirilirdi. Təşkilata mən 1944-cü ildə daxil oldum”.

1948-ci il noyabrın 25-də Abdullayev Musaya izah olundu ki, o, uzun müddət antisovet millətçi fəaliyyətinə görə Azərbaycan SSR CM 72 m. 2 h. və 73 m. ilə ittiham olunur. 1949-cu il fevralın 4-də o, əlavə olaraq, CM 21-64 maddəsi ilə ittiham edildi.

1948-ci il yanvarın 13-də xalq təsərrüfatı institutunun tələbəsi Rzayev Kamil Əbdülbaqi oğlunun həbs edilməsi haqqında qərar çıxarıldı və yanvarın 14-də o, 41 nömrəli orderə əsasən həbs olundu.

Yanvarın 14, 17 və 18-də keçirilən dindirmələrdə Rzayev Kamil ona isnad olunan antisovet fəaliyyəti boynuna almadı.

1949-cu il yanvarın 20-dəki dindirmədə o, hər şeyi boynuna aldı. Müstəntiq soruşdu: “Sizin antisovet “İldırım” adlı təşkilatın məqsədi nə idi?”.

Cavab: “Biz AK(b)P katibinə məktub yazmaq istəyirdik və o məktubda soruşmaq istəyirdik. Azərbaycan dili nə üçün dövlət dili kimi işlənmir?”. Lakin bu məktubu biz yazmadıq. Məni bu antisovet təşkilata Abdullayev Gülhüseyn cəlb etdi”.

1949-cu il yanvarın 27-də Rzayev Kamilin Azərbaycan SSR CM 72 m. 2 h. və 73 m. ilə məhkəmə məsuliyyətinə cəlb etdilər.

1949-cu il fevralın 9-da müttəhimlərin hər birinə istintaqın bitməsi haqqında protokol təqdim edildi.

1949-cu ilfevralın 15-də DTK daxili xəstəxanasının həkimi hər müqəssir haqqında arayış verir. Arayışda yazılır ki, müttəhimin səhhəti ona şimal iqlimində fiziki əməklə məşğul olmağa imkan verir.

1949-cu il fevralın 21-də 283 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib olunur. Fevralın 24-də ittihamnamənin DT naziri Yemelyanov təsdiq edir. 1949-cu il martın 17-də müttəhimlər ittihamnamə ilə tanış edilirlər.

Məhkəmə iclası 1949-cu il martın 21 və 22-də keçirildi. İclasın sədri Muradov, prokuror Ramazanov, vəkillər Hacıyev, Davidov və Həsənov idilər.

Məhkəmə iclasının protokolu işin 458-477 vərəqələrini tutur. Prokuror Ramazanovun çıxışı: “Müqəssirlərə isnad edilən cinayəti kafi dərəcədə sübuta yetirilmiş hesab edirəm. Ona görə xahiş edirəm onları müqəssir bilib: “Rəhimov İsmixanı – 25 il, Abdullayev Gülhüseyni – 25 Zeynalov Hacını – 25 il, Əliyev Kamalı – 10 il, Vahidov Aydını – 10 il, Ələsgərov Azəri – 10 il və Abdullayev Musanı – 10 il müddətinə azadlıqdan məhrum etməklə, hər birinin 5 il seçki hüquqlarını almaq və əmlaklarını 100 faiz müsadirə etmək. Rzayev Kamili – 8 il müddətinə azadlıqdan və 3 il müddətinə seçki hüququndan məhrum etməklə əmlakını 100 faiz müsadirə etmək”.

Müdafiəçilər xahiş etdilər ki, müqəssirlərə yüngül cəza təyin edilsin.

Müqəssirlərə son söz verilir:

1) Rəhimov İsmixan – rəhm olunmasını xahiş edir;

2) Abdullayev Gülhüseyn – xahiş edirəm cavan olmağımı nəzərə alıb mənə yüngül cəza təyin edəsiniz;

3) Zeynalov Hacı – xahiş edirəm mənə rəhm edəsiniz;

4) Əliyev Kamal – xahiş edirəm yüngül cəza təyin edəsiniz;

5) Vahidov Aydın – xahiş edirəm mənim gəncliyimi nəzərə alasınız;

6) Ələsgərov Azər – xahiş edirəm gəncliyimi nəzərə alıb mənə yüngül cəza verəsiniz;

7) Abdullayev Musa – yüngül cəza təyin edilməsini xahiş etdi;

8) Rzayev Kamal – gənc olmağımı və Vətən müharibəsində iştirak etməyimi nəzərə alıb mənə yüngül cəza təyin edəsiniz. 

Yazının davamını bu linkdən oxuyun