success closed Loading...

Taleyi imzasız məktuba qurban gedən Böyükağa Talıblı - İstintaq materialları əsasında...

Enter.News akademik Ziya Bünyadovun repressiya qurbanı Böyükağa Mirqasım oğlu Talıblı ilə bağlı olan yazısını təqdim edir. Yazı istintaq materialları əsasında hazırlanıb:

İstintaq işi M 12493-78

1936-cı il dekabrın 25-də Azərbaycan K(b)P Voroşilov Rayon Komitə­si imzasız məktub əsasında 1918-ci ildən partiyanın üzvü olan Böyükağa Mirqasım oğlu Talıblını “aşkar edilməmiş milli-təmayülçü kimi” partiya sıralarından çıxarmışdır.

1936-cı il yanvarın 8-də baş leyte­nant Atakişiyev (gələcək xalq komissarı) Azərbaycan XDİK DTİ-nin rəisi Gerasi­mova aşağıdakı məzmunda arayış təqdim etmişdir: “1897-ci ildə Salyanda anadan olmuş, Azərbaycan SSR Xalq Torpaq Komissarlığının keçmiş əməkdaşı, Ya­zıçılar İttifaqının, Azərbaycan MİK-in, Bakı Sovetinin üzvü Böyükağa Talıblı ək         sinqilabi millətçi meyllərinə görə partiya sıralarından xaric edilmişdir. DTİ-dəki materiallardan görünür ki, Böyüka­ğa Talıblı partiya sıralarında ikən ikiüzlü rol oynamış, partiya və Sovet hö­kumətinin ünvanına, onun yeritdiyi milli siyasətə qarşı əksinqilabi millətçi əhval-ruhiyyəli çıxışlar etmişdir.

Göstərilənlərə əsasən Böyükağa Talıblının həbs olunub Azərbaycan SSR CM-nin 72-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsini zəruri sayıram”.

Elə həmin gün Azərbaycan SSR XDİK İdarəsi rəisi Sumbatov Talıblının həbsi haqqında çıxarılan qərarı təsdiq etdi. 1937-ci il yanvarın 9-da onun həbs edilməsi üçün order verildi.

10 yanvar 1937-ci il, birinci istintaq: “İstintaqa məlumdur ki, siz gizli müsavatçı təşkilatın üzvüsünüz. Bunu boynunuza alırsınızmı?”.

Cavab: “Qəti rədd edirəm. Mən həmişə müsavatçılara qarşı mübarizə aparmışam və aparıram”.

Müstəntiq: “Müsavatçılardan şəxsən kimləri tanıyırsınız?”.

Cavab: “Dramaturq Cəfər Cabbarlını, Qlavlitin rəisi İbrahim Eminbəylini, BXMŞ müdiri Hüseynovu, şair Mikayıl Müşfiqi, kürəkənim Əbüsalam Səmədovu və Rəhim Vəkilovu. Onlar həmişə deyirdilər ki, Azərbaycan çar dövründə olduğu kimi, 1920-ci ildən sonra da asılı müstəmləkə vəziyyə­tində qalmışdır”.

23 yanvar 1937-ci il, ikinci istintaq.

Müstəntiq: “İstintaq sizdən tələb edir ki, tanıdığınız bütün müsavatçıların adlarını söyləyəsiniz!”.

Cavab: “Adlarını çəkdiklərimdən başqa daha heç kəsi tanımıram”.

Müstəntiq: “Düz danışmırsınız. Məmməd Həsən Baharlını tanıyırsınızmı?”. Cavab: “Bəli, onunla 1925-1926-cı illərdən tanışam. Lakin müsavatçı olduğunu bilmirəm”.

Sual: “Müsavatçılardan daha kimləri tanıyırsınız?”.

Cavab: “Heç kimi tanımıram”.

Sual: “İstintaq sizə inanmır və tanıdığınız bütün müsavatçıların adlarını söyləməyi tələb edir”.

Cavab: “Yenə də bildirirəm ki, şəxsən müsavatçılardan daha heç kəsi tanımıram və heç kəsin də adını çəkə bilmərəm”.

Müstəntiq: “İstintaq bir daha əmin olur ki, siz səmimi deyilsiniz və tanıdığınız müsavatçıların adlarını söyləmək istəmirsiniz. Sizə təklif edirik ki, bilə-bilə yalan ifadələr verməkdən qaçın və ancaq düz danışın!”.

Cavab: “Mən əvvəl verdiyim cavabların üstündə dururam. Müsavatçılardan daha heç kəs mənə məlum deyil”.

Müstəntiq: “Bir halda ki, siz inad edirsiniz və düz danışmaq istəmirsiniz, istintaq sizi ifşa et­məyi qərara alır! Seyid Hüseyn Sadıxovu tanıyırsınızmı?”.

Cavab: “Sadıxov Yazıçılar İttifaqının üzvüdür. Onu 1936-cı ildən tanıyıram. Lakin onun müsavatçı olduğu mənə məlum deyil”.

Müstəntiq: “Məmmədəmin Rəsulzadənin kürəkəni kimi də tanımırdınız?”. Cavab: “Tanımırdım. Bu barədə ancaq Süleyman Rüstəmdən eşitmişdim”. Müstəntiq: “Müsavatçı Musaxanlı ilə tanışsınızmı?”.

Cavab: “Xeyr”.

Müstəntiq: “Əhməd Cava­dı müsavatçı kimi tanıyırdınızmı?”.

Cavab: “Əksinqilabi müsavatçı ideo­logiyanın tərəfdarı olan şair kimi ayrı-ayrı əsərlərindən mənə məlum idi”.

Müstəntiq: “Əksinqilabi əhval-ruhiyyəli elementlərdən kimləri tanıyırsı­nız?”. Cavab: “Hüseyn Cavidi. Başqalannı tanımıram”.

Müstəntiq: “Düz danışmırsınız! Pepinov sizə tanışdırmı?”.

Cavab: “Onun haqqında heç nə bilmirəm!”.

Müstəntiq: “Soltan Məcid Qənizadəni tanıyırsınızmı?”.

Cavab: “Bu familiyanı birinci dəfə eşidirəm!”.

Müstəntiq: “Əksinqilabi əhval-ruhiyyəli şəxslərdən sizə daha kimlər məlumdur?”.

Cavab: “Daha heç kəsi tanımıram”.

Müstəntiq: “İstintaq müddətində müntəzəm olaraq siz tanıdığınız əksinqilabi elementlərin adlarını söyləməkdən çəkinirsiniz. Mübarizəni dayandırmağı və doğru-düzgün ifadələr verməyi təklif edirik. İstintaqa məlumdur ki, siz digər şəxsləri də tanıyırsınız. Onlar haqqında istintaqa ifadə verməyinizi tələb edirik!”.

Cavab: “Əksinqilabi əhval-ru­hiyyəli şəxslərdən daha heç kəsi tanımıram”. Müstəntiq: “Makinskilərdən kimləri tanıyırsınız?”.

Cavab: “Ancaq bir nəfəri - Əlibəyi”.

Müstəntiq: “O, sizə əksinqilabi əhval-ruhiyyəli şəxs kimi tamşdırmı?”.

Cavab: “Xeyr, bu barədə mənə heç nə məlum deyildi”.

Müstəntiq: “Müsavatçılardan daha kimləri tanıyırsınız?”.

Cavab: “Daha heç kəsi”.

Müstəntiq: “Siz milli təmayülçüsünüz. Bunu etiraf edirsinizmi?”.

Cavab: “Mən heç vaxt milli təmayülçü olmamışam”.

1937-ci il fevralın 23-də, üçüncü istintaqda Talıblı müstəntiqin ona atdığı bütün iftiraları yenə rədd edir.

28 fevral 1937-ci il, dördüncü istintaq.

Müstəntiq: “Axtarış zamanı si­zin evinizdən qadağan olunmuş “Təsnif: Mən türkəm” qrammofon valı və UIK(b)P və Sovet hökumətinə böhtan məzmunlu “Qırmızı terror” əksinqi­labi kitab tapılmışdır”.

Cavab: “Qrammofon valı haradasa evdə idi, lakin kitabın isə evdə saxlanmasını mən qəbahət hesab etmirdim”.

Müstəntiq: “Siz əvvəllər Ədliyyə Komissarı və Azərbaycan SSR prokuroru işləmisiniz?”.

Cavab: “Bəli, 1925-26-cı illərdə bu vəzifələrdə olmuşam”.

Müstən­tiq: “Yəqin ki, cinayət məcəlləsini bilirdiniz?”..

Cavab: “Bəli”.

Müstəntiq: “Onda necə deyə bilərsiniz ki, bu kitabın evdə saxlanması qəbahət deyil”.

Cavab: “Kitabı mənə MK-nın katibi vermişdi və ona görə də belə hesab etdim ki, onu evdə saxlaya bilərəm”.

Müstəntiq: “İstintaq əmin olur ki, siz kitabı evdə saxlamaqla əksinqilabi cinayət törətdiyinizi boynunuza almaq istəmirsiniz”.

Oxucu görür ki, istintaq müttəhim Talibimin qarşısında nə qədər gü­csüzdür. Bu o dövrün mətbuat orqanlarının yazdıqları materiallardan da məlum idi. Onlar Talıblıdan yeni bir fakt ala bilməmişdilər. Onun ayrı-ayrı sözlərini əsas tutaraq müstəntiq Xoren Qriqoryan elə həmin gün - fevralın 28-də müttəhimin işi ilə əlaqədar iki akt tərtib etmişdir. Birinci – “Talıblı AzK(b)P və Azərbaycan SSR hökumət rəhbərlərinə böhtan ataraq deyir ki, guya rəhbərlik müsavatçıları ifşa etdiyinə görə onu gözümçıxdıya sa­lıb. Bundan sonra Talıblı bildirmişdir ki, onun işi üzrə istintaq Moskvada aparılsın. Belə ki, buradakı müstəntiqlər müttəhimi Azərbaycanın partiya təşkilatına böhtançılıqda ittiham edirlər. Talıblı aktı imzalamaqdan imtina etmişdir”. İkinci - 28.02.1937-ci ildə aparılan istintaq zamanı Talıbhya digər müttəhimlərin ifadələri təqdim olunduqdan sonra bildirilmişdir ki, ümumiyyətlə Azərbaycanda onu millətçi kimi hazırlayandan sonra bir kəs belə deyə bilməz ki, Talıblı millətçi deyil. Çünki hamı başqa cür söyləmək­dən qorxurdu”.

Bununla da günlərlə, saatlarla davam edən işgəncələr başlandı. Onu amansızcasına, əlləri, ayaqları ilə və rezin şlanqlarla döyməyə başladılar... Nəhayət, Talıblı sındı. (Buna kim dözərdi? - Z.B.).

1937-ci il iyulun 13-də istintaqın müddəti iki dəfə uzadıldıqdan son­ra Talıblı müstəntiqlərin diktəsi ilə Sumbatova aşağıdakı məzmunda ərizə yazmışdı: “6 ay ərzində mən istintaqa səmimi ifadələr verməmişəm. İndi isə partiya və Sovet hökuməti qarşısında tamamilə təslim olub müqaviməti dayandırıram. Mən əksinqilabi millətçi təşkilatın üzvüyəm və bu məsələ ilə əlaqədar ətraflı ifadələr vermək istəyirəm. Mənim işim üzrə istintaqın sürətini artırmaq üçün sizin əmrinizi gözləyirəm”.

Beləliklə də Qriqoryan, Markaryan, Avetisyan, Qalstyan və bu tipli di­gər müstəntiqlərin uydurduqları dünyanın min bir mənasız günahlarında Talıblı özünün təqsirkar olduğunu etiraf etməli idi. 1937-ci il iyulun 13-də, beşinci istintaqda Talıblı boynuna almışdır ki, (başqaları kimi - Z.B.) o, 1934-cü ildə Rəhim Hüseynov və Əsgər Fərəczadənin vasitəsilə, Ruhulla Axundov tərəfindən əksinqilabi təşkilata cəlb edilmişdir. Onun qarşısına aşağıdakı vəzifələr qoyulmuşdur:

1. Rəhbərlik etdiyi aparatın yüz faiz türkləşdirilməsi;

2. Yeni üzvlər cəlb etmək üçün təşkilatlara kadrların toplanması;

3. Planlaşdırmada əksinqilabi millətçi göstərişlərin yayılması; daha doğrusu, planlaşdırma işinə zərər vurulması.

1937-ci il iyulun 14-də - altıncı istintaqda Talıblı etiraf etmişdir ki, onun daxil olduğu təşkilatın əsas vəzifəsi Azərbaycanda Sovet hakimiyyə­tini devirmək və müstəqil Azərbaycan dövləti yaratmaq, İran Azərbaycanı, Dağıstan və Gürcüstanın bəzi hissələri ilə birləşərək xarici müdaxilə zama­nı silahlı üsyan yolu ilə Sovet hökumətini yıxmaq idi.

1937-ci il iyulun 15-də yeddinci istintaqda Talıblının Bakı Plan Ko­mitəsində və Dövlət Plan Komitəsində işlədiyi vaxtlarda apardığı ziyankarlıq işləri ilə əlaqədar sorğu-sual başlanmışdır.

1937-ci il iyulun 16-da səkkizinci istintaqda Talıblı əksinqilabi millətçi təşkilatın üzvləri - Yerli sənaye komissarı Hüseynbala Ağaverdiyev, xalq kommunal təsərrüfatı komissarı Həmid Sultanov, xalq maliyyə komissarı Nadir İbrahimov, respublika dövlət plan komitəsinin sədri Əsgər Eyvazov. Azərbaycan K(b)P MK-nın məktəblər şöbəsinin müdiri İzmail İzmailov. respublika prokuroru Bahadur Vəlibəyov və Maştağa Rayon Partiya Komitəsinin katibi Əhməd Əhmədov haqqında ifadələr vermişdir.

1937-ci il iyulun 20-də, doqquzuncu istintaqda Talıblı əksinqilabi təş­kilatın üzvlərinin dövlət vəsaitini mənimsədikləri və bu vəsaiti əksinqilabi təşkilatın ehtiyaclarına sərf etdikləri barədə danışır, Azərbaycanın rayonla­rında əksinqilabi təşkilatın fəaliyyəti haqqında ifadə verir, habelə yazıçılar­dan Hacı Nəzərlinin, Səməd Vurğunun və Ələkbərlinin, AHİŞ-in keçmiş sədri İsrafil Rəhimovun, Az.DSİ-nin keçmiş rəisi Novruz Rzayevin və Xa­rici Ticarət Komissarlığının keçmiş müvəkkili İbad Əliyevin adlarını çəkir.

1937-ci il iyulun 21-də, onuncu istintaqda Talıblı SSRİ-nin digər şəhər­lərində işləyən əksinqilabi təşkilatın üzvləri - azərbaycanlılar, habelə Azərnəşrin direktoru Əsəd Axundov və MK yanında kənd təsərrüfatı mək­təbinin rektoru Güllücanski haqqında ifadələr verir.

1937-ci il avqustun 11-də, on birinci istintaqda Talıblı Salyan rayonun­da aparılan “əksinqilabi millətçi iş” haqqında ifadələr verir.

17 avqust 1937-ci il, on ikinci, istintaq.

Müstəntiq: “İstintaqın ədəbiyyat cəbhəsində aparılan əksinqilabi millətçi iş haqqında bəzi məlumatlar var və sizdən tələb olunur ki, bu məsələ ilə bağlı ifadələr verəsiniz”.

Talıblı: “1925-ci ildə mənim təşəbbüsümlə Azərbaycan Yazıçılar Cəmiyyətinin təşkil olunması məsələsi qaldırılmışdır. Elə ilk günlərdən bura millətçi, antisovet və digər əksinqilabi əhval-ruhiyyəli şəxslərin, bir növ Salman Mümtaz, müsavatçılardan Hüseyn Cavid, Əhməd Cavad, Səməd Mənsur, Yusif Vəzirov, ittihadçılardan S.M.Qənizadə, pantürkist Çobanzadə, türk professorlarından Hikmət və Fikrət, qatı millətçilərdən Səməd Vurğun və Mikayıl Müşfiq kimi şəxslərin yuvasına çevrilmişdir. 1927-ci ildə Yazıçı­lar cəmiyyəti “Qızıl qələm”lə birləşdi və Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti yaradıldı. Burada qatı millətçilərdən Mustafa Quliyev və Hacı Nəzərli öz mövqelərini möhkəmləndirdilər”.

Müstəntiq: “Yazıçılar İttifaqının ayrı-ayrı üzvlərinin əksinqilabi fəaliy­yətləri haqqında sizə nə məlumdur?”.

Talıblı: “Mənə Azərbaycan Yazıçılar İttifaqının əksinqilabi əhval-ruhiyyədə olan üzvlərinin apardıqlan əksinqi­labi işlər məlum idi:

1. Səməd Vurğun - əqidəli əksinqilabi millətçi. Abdulla Şaiqlə bacanaq idi, onun millətçi mövqeyini açıqcasına müdafiə edirdi.

2. Kazım Ələkbərli - Yİ-də özünün millətçi xəttini yeridir, Sabirin yu­bileyini millətçi ruhda aparmış, H.Cavidin, Ə.Cavadın, A.Şaiqin, M.Müşfiqin və başqalarının əksinqilabi millətçi çıxışlarını müdafiə edir.

3. Tağı Şahbazi - köhnə milli-təmayülçüdür. Nəriman Nərimanovla sıx əlaqə saxlayırdı.

4. Hacı Nəzərli - Yİ-nin daxilində S.Vurğundan, M.Hüseyndən, R.Rzadan və İ.Hafizdən ibarət möhkəm əksinqilabi millətçi qrup yaratmışdı.

5. Mikayıl Müşfiq - qatı millətçi, Ə.Cavadın şagirdi idi.

6.Mehdi Hüseyn - H.Nəzərlinin əksinqilabi qrupunun üzvüdür və Azərbaycanda averbaxçılıq işinin aparılmasında onun sədaqətli köməkçisi idi.

7. Əli Nazim - əksinqilabi müsavatçı;

8. Yusif Vəzirov - məşhur müsavatçı;

9. Hüseyn Cavid - irticaçı və millətçi. Onun bütün əsərləri mürtəce və millətçi baxımdan yazılmış, bədii cəhətdən aşağı səviyyədədir;

10. Əhməd Cavad - müsavatçı;

11. Süleyman Rüstəm - millətçi, Averbaxla şəxsən əlaqəsi var idi.

12. Abdulla Şaiq - millətçi və pantürkist idi.

1937-ci il avqustun 20-də, on üçüncü istintaqda Talıblı, məxsusi ola­raq “1926-cı ildən Bakıda fəaliyyət göstərən əksinqilabi koalisiya bloku; Dadaş Bünyadzadənin rəhbərlik etdiyi qrupun əksinqilabi millətçi fəaliy­yəti; Heydər Vəzirovun başçılıq etdiyi əksinqilabi millətçi təşkilatın hərbi mərkəzi; “sağların əksinqilabi təşkilatı” barəsində danışdı.

1937-ci il avqustun 22-də, on dördüncü istintaqda Talıblı “əksinqilabi millətçi təşkilat tərəfindən Azərbaycan SSR-in xalq təsərrüfatının planlaşdırılmasına vurulan ziyankarlıq metodları” haqqında ifadələr verir.

1937-ci il avqustun 29-da, on beşinci istintaqda Talıblı Nadir İbrahimo­vun əksinqilabi millətçi fəaliyyəti haqqında ifadələr verir.

1937-ci il sentyabrın 7-də, on altıncı istintaqda Talıblı özünü əlavə ola­raq Azərbaycan SSR CM-nin 64, 69 və 73-cü maddələri üzrə günahkar bilmişdir.

1937-ci il sentyabrın 14-də, on yeddinci, axırıncı istintaqda Talıblını “terrorist fəaliyyətilə” əlaqədar sorğu-sual etmişlər. O bildirmişdir: “Ək­sinqilabi mərkəz və Ruhulla Axundov M.C.Bağırovu 1935-ci ilin yayın­da öldürmək barədə mənə tapşırıq vermişdi. Onu Zuğulbaya gedən yolda öldürməliydim. Bu işdə mənə Maştağa Rayon Partiya Komitəsinin katibi Əhməd Əhmədov kömək edirdi.

1937-ci il sentyabrın 14-də Böyükağa Talıblının işi üzrə istintaqın başa çatması haqqında protokol tərtib edilmişdi. 1937-ci il sentyabrın 20-də isə ittiham qərarı yazıldı. Qərarda deyilirdi: “1936-cı ilin axırlarında silahlı üsyan yolu ilə Azərbaycanın SSRİ-dən ayrılması məqsədini qarşısına qo­yan, partiya və hökumət rəhbərlərinə qarşı terror tətbiq edən, ziyankarlıq və casusluq işi aparan əksinqilabi trotskiçi millətçi təşkilat aşkar edilmiş və dağıdılmışdır.

Azərbaycan əksinqilabi trotskiçi millətçi təşkilat özünün əksinqilabi fəaliyyətində trotskiçi-zinovyevçi terrorist mərkəz və sağların əksinqilabi mərkəzi ilə əlaqədə olmuşdur.

İstintaq tərəfindən müəyyən edilmişdir ki, 1918-ci ildən partiyanın üzvü olan müttəhim Böyükağa Talıblı neçə illər ərzində mədəniyyət cə­bhəsində əksinqilabi millətçi ideyaların təbliğatçısı olmuş, öz fəaliyyəti ilə Sovet hökumətinin bu sahədəki tədbirlərini pozmuşdur.

Böyükağa Talıblı ittiham edilir ondan ötrü ki:

1. Silahlı üsyan yolu ilə Azərbaycanın SSRİ-dən ayrılmasını qarşısına məqsəd qoyan, ÜİK(b)P və Sovet hökuməti rəhbərlərinə qarşı terror aktları tətbiq edən, ziyankarlıq, kapitalist ölkələrinin xeyrinə casusluq işi aparan, trotskiçi təşkilatla ittifaqda fəaliyyət göstərən Azərbaycan əksinqilabi mil­lətçi təşkilatın MK-sının üzvü idi;

2. Millətçi təşkilatın ziyankarlıq üzrə, əksinqilabi üsyançı qrupların ya­ranması, partiya və hökumət rəhbərlərinə qarşı terror aktlarının hazırlan­ması üzrə apardığı əksinqilabi işlərdən xəbərdar olmuş və ən nəhayət özü praktik olaraq əksinqilabi işlərin həyata keçirilməsində iştirak etmişdir:

a) əksinqilabi təşkilata üzvlər cəlb edilməsində;

b) Azərbaycan SSR-in rayonlarında üsyançı qruplar təşkil edilməsində;

c) Azərbaycan SSR xalq təsərrüfatının planlaşdınlmasına ziyankarlıq işində;

ç) Neft sənayesində təxribatçılıq aktlarının hazırlanmasında;

d) partiya və hökumət rəhbərlərinə qarşı terror aktlarının hazırlanma­sında.

Yəni Azərbaycan SSR CM-nin 64,69, 70 və 73-cü maddələrində nəzər­də tutulan cinayətlərdə təqsirləndirilmişdir. Talıblı günahkar olduğunu eti­raf etmişdir”,

1937-ci il oktyabrın 11-də SSRİ Ali Soveti hərbi Kollegiyası səyyar sessiyasının (Matuleviç, Zaryanov, Jiqur) hazırlıq iclasının protokolu tərtib edildi: Talıblının işi Azərbaycan SSR CM-nin 64, 69, 70 və 73-cu mad­dələri üzrə məhkəməyə verilməli. İşə bağlı məhkəmə iclasında müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxılmalı.

1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının bağlı məhkəmə iclası oldu. İclas saat 15:05 dəqiqədə başlandı. Müttəhim Talıblı özünün günahkar olduğunu etiraf etdi. İclas saat 15:25 dəqiqədə bağlandı.

1937-ci il oktyabrın 12-də hərbi Kollegiya Böyükağa Talıblını ən ağır cəzaya - güllələnməyə məhkum etdi.

1937-ci il oktyabrın 13-də B.M.Talıblı Bakı şəhərində güllələndi.

1956-cı il mayın 29-da Talıblının qızı Sona xanım hərbi prokurora ata­sının işinə yenidən baxılması və bəraət alması xahişi ilə müraciət edir.

1957-ci il iyunun 25-də SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının qərarına görə Talıblının işi ilə əlaqədar 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi HK-nın çıxardığı hökm ləğv edilmiş və cinayət tərkibi olma­dığına görə iş xətm olunmuşdur.