success closed Loading...

Sovet Azərbaycanının ikinci Baş naziri Qəzənfər Musabəyov Şərq xalqlarını müstəqil görmək istədi ancaq özünü repressiya edib güllələdilər


Fəaliyyətə başladığımız gündən oxucularımızı tarixi yazılar, məktublar və maraqlı araşdırmalarla tanış edirik. 09.01.2017 tarixindən etibarən isə Enter.News 1918-ci ildən bu günə kimi olan Azərbaycanın Baş nazirləri – hər bir Baş nazir haqqında geniş və təhlil yazıları təqdim edir.

Bundan öncə Fətəli Xan Xoyski Nəsib bəy Yusifbəyli haqqında məlumat vermişdik.


İndi təqdim etdiyimiz şəxs isə Sövet Azərbaycanının 1922-ci il aprelindən 1930-cu ilin martına kimi Baş naziri olan Qəzənfər Mahmud oğlu Musabəyovdur.

Qəzənfər Mahmud oğlu Musabəyov 1888-ci il iyulun 26-da Quba qəzasının Pirəbədil kəndində varlı kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini Quba şəhərində alan Musabəyov onu davam etdirmək məqsədilə Bakı şəhərinə gəlir və I Bakı gimnaziyasına daxil olur. Xoşxasiyyəti, səmimiliyi və mülayimliyi, möhkəm iradə və hafizəsi ilə gimnaziyada müəllim və şagirdlərin hörmətini qazanır. 1911-ci ildə Q.Musabəyov gimnaziyanı müvəffəqiyyətlə bitirir.

Biliyə, elmə can atan Q.Musabəyov həkim olmaq istəyirdi. O dövrdə Bakıda ali məktəb yox idi. Azərbaycanlılar ali təhsil almaq üçün Rusiya şəhərlərinə gedirdilər. Məhz buna görə də Q.Musabəyov həkim olmaq üçün Kiyev şəhərinə getmək məcburiyyətində qalır. O, 1912-ci ildə Kiyev şəhərinə gedib universitetin tibb fakültəsinə daxil olur. Qəzənfər ilk gündən siyasi məsələlərlə maraqlanır və gizli fəaliyyət göstərən tələbələrə yaxınlaşır, həmyerlilər təşkilatına daxil olur və tezliklə onun rəhbərlərindən birinə çevrilir. 1912-ci ildə Kiyevdə bilavasitə Q.Musabəyovun təşəbbüsü ilə bütün müsəlman tələbələrinin gizli qurultayı keçirilir. Qurultayın müzakirə etdiyi əsas məsələ siyasi məsələ olmuşdur.

1917-ci ilin yazında Kiyev universitetini müvəffəqiyyətlə bitirən Q.Musabəyov vətənə inqilabçı bir həkim kimi qayıdır. O özünün yazdığı kimi: “Özünün geridə qalmış xalqının içərisində işləmək arzusu ilə Bakıda qalmaq istəməyib Qubaya getdi”. Qubaya gələn Q.Musabəyov tezliklə zəhmətkeşlərə pulsuz tibbi yardım göstərməyə başlayır və şəhər əhalisi arasında böyük hörmət və nüfuz qazanır.

1917-ci ilin iyun ayında Qubada fəhlə və əsgər deputatları Soveti İcraiyyə Komitəsinə seçkilər keçirildi. Quba zəhmətkeşləri gənc həkim Q.Musabəyova böyük ehtiram göstərərək Quba fəhlə və əsgər deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1917-ci il iyulun 11-də Quba Qəza Ərzaq Komitəsinin yığıncağında isə Quba Qəza Ərzaq Komitəsinin sədri seçmişdir. O, bu iki vəzifəni daşımaqla yanaşı həkimliyini də edirdi. Bu dövrdə Q.Musabəyov tez-tez zəhmətkeşlər qarşısında çıxış edir, kəndlərə gedir və görüşür, onları maraqlandıran məsələləri başa salır, öz azadlıqlarını axıra kimi müdafiə etməyə çağırır, qəzada ərzaq və sənaye mallarına olan ehtiyacları sah-mana salmağa səy göstərir.

1917-ci il noyabrın 12-də ərzaq məsələsini qaydaya salmaq məqsədilə Bakı Sovetinin geniş iclası çağırılmışdı. İclas ərzaq işini qaydaya salacaq ali orqan olan Ərzaq konfransı təsis etdi. Noyabrın 19-da isə Bakıda ərzaq komissiyalarının, Həmkarlar İttifaqı Şurası, quberniya və şəhər ərzaq idarələri nümayəndələrinin iştirakı ilə fövqəladə konfrans keçirildi. Konfrans ərzaq təşkilatlarına rəhbərlik etmək üçün özünün İcraiyyə orqanını - Mərkəzi Ərzaq Komitəsini yaratdı. Q.Musabəyov konfransda Quba Qəza Ərzaq Komitəsinin nümayəndəsi kimi iştirak etmiş və yeni yaradılmış Bakı Quberniya Ərzaq Komitəsi sədrinin müavini seçilmişdir. Q.Musabəyov bu vəzifədə Bakı zəhmətkeşlərini aclıqdan xilas etmək üçün möhtəkirlərə qarşı mübarizədə, ərzağın düzgün bölünməsində, kartoçkalar paylanmasında və s. işlərdə yaxından iştirak etmişdir.

1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti yaradıldı. XKS Q.Musabəyovu Bakı quberniyasında və Dağıstan vilayətində məhsul tədarükü üzrə komissar təyin etmişdir. Musabəyov bu dövrdə ərzaq cəhətdən çox ağır çətinliklər keçirən Bakının xilas edilməsi, çörək və başqa ərzaq məhsulları ilə təchizi sahəsində var qüvvəsilə çalışmış və zəhmətkeş əhali arasında böyük hörmət və nüfuz qazanmışdır.

1918-ci ilin iyul ayının axırlarında eser-menşeviklərin və xarici müdaxiləçilərin təzyiqi ilə Bakı XKS hakimiyyətdən əl çəkdi və sovet hökuməti yıxıldı. Bu zaman Azərbaycanın bir sıra inqilabçıları ilə birlikdə Q.Musabəyov da Həştərxan şəhərinə getmişdir.

1918-1919-cu illərdə Q.Musabəyov Həştərxanda N.Nərimanovla birlikdə müsəlman hərbi xəstəxanası təşkil edir və iki il onun baş həkimi işləyir. O, eyni zamanda Həştərxanda olduğu dövrdə müxtəlif partiya tapşırıqlarını yerinə yetirir: RK(b)P Həştərxan təşkilatı müsəlman bölməsinin katibi, Hümmət təşkilatının Həştərxan şöbəsinin sədri, Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifələrini də daşımışdır.

Q.Musabəyov 1919-cu il noyabr ayının axırlarında Moskvaya çağırılır və 1920-ci ilin fevral ayında gizli inqilabı iş aparmaq məqsədilə Bakıya göndərilir. O, aprel ayının əvvəllərində Dağıstanın Petrovsk (Mahaçqala) şəhərinə gəlir. Burada Azərbaycana hücuma hazırlaşan XI ordu hissələrinə qoşulur və aprelin 27-dən 28-ə keçən gecə “III İnternasional” zirehli qatarında bir neçə Azərbaycan inqilabçısı ilə birlikdə Bakıya girir.

XI ordu tərəfindən Bakı işğal olunduqdan sonra Azərbaycanda sovet hakimiyyəti qurulur. Aprelin 28-də başda N.Nərimanov olmaqla Müvəqqəti İnqilab Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Soveti təşkil olunur. Q.Musabəyov XKS-in ilk tərkibinə respublikanın xalq ərzaq komissarı kimi daxil olur. Ona yeni yaranmış Azərbaycan hökumətinin tapşırığı ilə Xalq Ərzaq Komissarlığı ilə yanaşı Xalq Torpaq Komissarlığının və Xalq Təsərrüfatı Şurasının təşkili işlərinə rəhbərlik etmək tapşırılır. O, var qüvvəsini bu komissarlıqların təşkili, hakimiyyətin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi və mədəni inkişafına həsr edir.

Q.Musabəyov imperialist və vətəndaş müharibələri nəticəsində, daxili və xarici müdaxiləçilər tərəfindən bərbad hala salınmış xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsi yolunda, əhalinin ərzaqla təmini, aclıqla mübarizə işində çalışmışdır. 1920-ci ilin sentyabr-oktyabr aylarında Q.Musabəyov Quba qəzası kəndlilərinin birinci qurultayında iştirak edərək dövlətin kənddə aparacağı siyasət haqqında məruzə edir.

1922-ci il aprelin 28-i mayın 3-də II Ümumazərbaycan sovetlər qurultayı çağırılmışdır. Bu zaman sovet Rusiyası nümayəndələri tərkibində Genuya konfransında iştirak etdiyi üçün N.Nərimanovun əvəzində qurultayda Azərbaycan SSR XKS-nin hesabat məruzəsi ilə Q.Musabəyov çıxış etmişdir. O, bu məruzədə Azərbaycanın sənayenin, kənd təsərrüfatının bərpası sahəsində aparılan işlərdən və qazanılan nailiyyətlərdən, bu işdə fəhlə-kəndli ittifaqının mühüm rolundan danışaraq demişdir: “Bir tərəfdən, biz Bakı proletariatı sifətində inqilabçı fəhlə sinfi malik idik… başqa tərəfdən isə biz geridə qalmış, əsrlərlə zülm altında olmuş kənd əhalisinə malik idik. Buna baxmayaraq indi, iki il bizim işimizdən sonra, biz burada cəsarətlə deyə bilərik, Bakı proletariatı ilə Azərbaycan kəndliləri arasında ittifaqa nail olunmuşdur”. Q.Musabəyov qurultay tərəfindən yekdilliklə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri seçilir. O, 1922-1930-cu illərdə həmin vəzifədə işləmişdir. Bu məsul dövlət vəzifəsində Q.Musabəyov Azərbaycanın xalq təsərrüfatının, əsasən Bakı neft sənayesinin bərpası, kənd təsərrüfatının, mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xeyli iş görmüşdür. O, bu dövrdə işdə sədaqətli, fəhlə və kəndli sinfinin hər cür düşməninə qarşı amansız bir siyasi və dövlət xadiminə çevrilmişdir.

1930-1931-ci illərdə Q.Musabəyov Azərbaycan SSR MİK sədri vəzifəsini daşımışdır. O, respublikanın ali orqanında çalışarkən Azərbaycanda sənayenin və mədəniyyətin müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə yanaşı kənd təsərrüfatının inkişafına, xüsusi ilə kənd təsərrüfatının kollektivləşdirilməsinin müvəffəqiyyətlə başa çatdırılması, kənd təsərrüfatının mexanikləşdirilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi, kolxoz quruculuğunda baş verən əyintilərin aradan qaldırılması, zəhmətkeş kəndlilərin qolçomaqlara qarşı mübarizəsini təşkil etmək sahəsində də coşğun fəaliyyət göstərmişdir. O, deyirdi: “Ölkənin sənayeləşdirilməsi sürətini azaltmadan, bununla yanaşı olaraq, kənd təsərrüfatımızı yüksəltməli və yenidən qurmalı”.

Q.Musabəyov 1931-1936-cı illərdə ZSFSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə çalışarkən Cənubi Qafqaz xalqlarının iqtisadiyyat və mədəniyyətini daha da inkişaf etdirmək qayğısına qalmış, xalqlar arasında dostluğun daha da möhkəmlənməsi uğrunda yorulmadan mübarizə aparmış, Zaqafqaziya respublikalarının hərtərəfli inkişafında böyük xidmətləri olmuşdur. O, bir dövlət xadimi kimi qarşıda duran vəzifələri həyata keçirmək məqsədilə tez-tez fabriklərə, zavodlara, mədənlərə, kolxozlara getmiş, fəhlələrlə, kolxozçularla və neftçilərlə görüşmüşdür. O, 1933-cü ilin dekabrında SSRİ Millətlər Sovetinin növbəti sessiyasındakı çıxışında Zaqafqaziyanın sənayesinin, kənd təsərrüfatının və mədəniyyətinin tərəqqisindən geniş danışarkən demişdir: “Zaqafqaziya xüsusən son dövrlərdə bir sıra böyük nailiyyətlər qazanmış, bu da bizə Zaqafqaziya respublikasının… İttifaqda ən qabaqcıl respublikalardan biri olduğunu deməyə haqq verir”.

Q.Musabəyov SSRİ MİK-nin sədrlərindən biri olmuşdur. O, bu vəzifədə proletar beynəlmiləlçiliyi və xalqlar dostluğu prinsiplərinə sadiq qalmış, bu dostluğun möhkəmlənməsi, iqtisadi, siyasi və mədəni quruculuq sahəsində yeni-yeni müvəffəqiyyətlər qazanılmasında əzmlə çalışmışdır. Milli siyasətin və beynəlmiləlçiliyin alovlu təbliğatçısı olmuş Q.Musabəyov deyirdi: “Milli məsələdə… dövlətin yeritdiyi düzgün siyasət kiçik və geridə qalmış millətlərin əsil inkişafına təkan verdi… Dünyada elə bir başqa dövlət yoxdur ki, həmin problemləri bizdəki kimi həll edə bilsin”.

Q.Musabəyov çıxışlarında və mətbuatda dərc olunan yazılarında azadlığı və müstəmləkə zülmündən qurtarmaq uğrunda mübarizə aparan Şərq xalqlarının tezliklə əsarət və həqarət boyunduruğundan xilas olacağını və müstəqillik əldə edəcəyini irəli sürmüşdür. O, demişdir: “Şərqi azad görəcəyimiz o parlaq səhər artıq uzaqda deyildir”.

Q.Musabəyov demək olar ki, fəaliyyət göstərdiyi dövrdə bütün partiya və sovet tədbirlərində iştirak etmişdir. O, dəfələrlə Azərbaycan KP və MK bürosunun, ÜİK (b) P Zaqafqaziya Ölkə Komitəsi və MK bürosunun üzvü, ÜİK (b) P MK üzvlüyünə namizəd seçilmişdir. Q.Musabəyov Azərbaycan, ZSFSR, SSRİ MİK-lərinin üzvü olmuşdur.

Q.Musabəyov repressiyaya məruz qalmış və 1938-ci ildə həbs edilib güllələnmişdir.

P.S. Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Cavid Hüseynovun həmmüəllifi olduqları “Azərbaycanın baş nazirləri” kitabından götürülüb.