success closed Loading...

İran və Səudiyyə Ərəbistanı arasında TARİXİ DÜŞMƏNÇİLİYİN KÖKÜ

Tehran və Ər-Riyadın ulduzları niyə barışmır?

İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər yenidən gərilib. Ötən həftə İranın Sistan-Bəlucistan əyalətində Sepah əsgərlərini daşıyan avtobusun partladılması nəticəsində 27 hərbçi ölüb, 15 nəfər isə yaralanıb. Hərbçilərin dəfn mərasimində isə Sepah komandanı Məhəmməd Əli Cəfəri terrora görə Pakistanı və onun kəşfiyyat strukturlarını ittiham edib.

Sepah komandiri Səudiyyə Ərəbistanı və BƏƏ-nin adını çəkərək deyib ki, İranın səbir kasası dolub və daha onların cinayətkarları və təkfirçi qrupları dəstəkləməsinə laqeyd qalmayacaq. Eyni zamanda açıq şəkildə deyib ki, İran şəhidlərinin qisasını Səudiyyə Ərəbistanı və BƏƏ-dən alacaq.

Ötən gün isə İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandanının müavini, briqada generalı Hüseyn Salami Səudiyyə Ərəbistanını dünyada və bölgədə “şərin ürəyi” adlandırıb. H.Salami deyib ki, hazırda Sepah əsgərləri ABŞ, sionist rejim (İsrail) və ərəblərin timsalında şər üçbucağına qarşı savaşır. Bu gün Səudiyyə Ərəbistanı da bu şərin ürəyidir.

Məsələ ondadır ki, son illərdə iki ölkə münasibətləri onsuz da soyuq idi. 2015-ci ildə Həcc ziyarəti zamanı baş verən qəzadan sonra iki ölkə münasibətləri daha da pisləşib. Donald Tramp ABŞ prezidenti seçildikdən sonra isə Vaşinqton Yaxın Şərqdə İrana qarşı ərəblər və İsrailin iştirak etdiyi koalisiya yaradıb. Ən son olaraq fevralın 13-14-də Polşanın paytaxtı Varşavada Yaxın Şərqdə təhlükəsizlik məsələlərinə həsr olunmuş konfrans əslində İrana həsr olunub və bir mənada anti-İran güclərini birləşdirməyə xidmət edib. Bunu tədbirin təşkilatçıları da etiraf edib. Üstəlik, Avropa İttifaqı, Türkiyə, Qətər, Rusiya kimi ölkələr yüksək səviyyə qatılmayıb. Bunun əvəzinə İsrail, həmçinin körfəz ərəb ölkələri konfransda yüksək səviyyədə təmsil olunub.

Varşava konfransı ile ilgili görsel sonucu

Və təbii ki, Varşava konfransının gedişində İranın cənub-şərqində baş verən terror Tehranda qəzəb doğurub. Məhz bu səbəbdən Sistan-Bəlucistan terroruna görə Tehran ərəb ölkələrinə və Vaşinqtona işarə edib.

Yeri gəlmişkən, iki gün əvvəl Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salman Pakistana səfər edib. Hədən artıq təmtəraqlı, yüksək səviyyədə təşkil olunan səfər çərçivəsində Ər-Riyadla İslamabad arasında əməkdaşlığa dair 7 saziş, cümlədən neft-qaz sahəsində sənədlər imzalanıb. Qarşılıqlı anlaşma memorandumunda Səudiyyə Ərəbistanının Pakistan iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyması nəzərdə tutulur. İqtisadiyyatla yanaşı, iki ölkə siyasət, təhlükəsizlik sahəsində də sıx əməkdaşlıq edəcək. Anlaşmaya əsasən Pakistanın cənubunda Quadar liman şəhərində 8 milyard dollar dəyərində neft anbarı tikiləcək. Həmçinin mədən sənayesi, neft-kimya sahəsində əməkdaşlıq da nəzərdə tutulub.

İran Arabistan ile ilgili görsel sonucu

Məsələ ondadır ki, indi bir çoxlarına görə, vəliəhdin Pakistana səfəri və birdən-birə böyük yatırım sözü verməsi, üstəlik, ötən həftə baş verən terror Vaşinqtonun Ər-Riyad vasitəsilə İranı mühasirəyə almaq planının tərkib hissəsidir. Məlum olduğu kimi, qərb sərhədlərində kürd və ərəb separatçı silahlı qrupları, şərq sərhədlərində isə uzun illərdir davam edən bəluc separatizmi var. İndi hər iki istiqamət İranın, necə deyərlər, ən zəif nöqtələridir və indi Tehran məhz burdan “vurulur”.

İran və Səudiyyə Ərəbistanı arasındakı rəqabətə gəldikdə, bu məsələnin kökü İslam inqilabına qədər uzanır. Hələ şah dövründə ABŞ-ın ən yaxın müttəfiqi (neft amilindən dolayı) olan şah və kral bölgədə Vaşinqtona dost dövlətlər idilər - baxmayaraq ki, iki ölkə arasında gizli rəqabət də vardı. Bu səbəbdən də Səudiyyə Ərəbistanı ilk günlərdə İslam inqilabına soyuq baxmırdı, hətta İrana təbrik də göndərmişdi. Ancaq İslam inqilabından sonra “inqilab ixracı” doktrinası Səudiyyə Ərəbistanını da narahat etməyə başladı.

1980-ci illərdə Tehran və Ər-Riyad arasında bir neçə dəfə gərginlik baş qaldırsa da, hər iki dövlət bunun qarşısını almağa nail olub. Hətta Məkkədə baş vermiş etirazların yatırılması zamanı yüzlərlə iranlının öldürülməsi İranın bir neçə il Həcc ziyarətindən imtinasına səbəb olub.

2000-ci illərdə isə regionda antiamerikanizmin yüksəlməsi fonunda Tehran və Ər-Riyad arasında mülayimləşmə yaranıb. 2007-ci ildə kral Abdullah İran prezidenti Mahmud Əhmədinejadı Məkkəyə ziyarətə dəvət edib, özü şəxsən müşayiət edib.

Riyad-Tehran arasında növbəti gərginlik “ərəb baharı” zamanı baş qaldırıb. İlk olaraq Bəhreyndə şiə çoxluq krala qarşı inqilab edəndə Səudiyyə Ərəbistanı adaya tanklar göndərdi və nümayişlər zorakılıqla yatırıldı. Riyad həndəvərində rejim dəyişikliyinə imkan vermək fikrində olmadığını nümayiş etdirdi. Suriyada isə Ərəbistan Qərb koalisiyasının ən fəal üzvlərindən biri kimi Bəşər Əsədin devrilməsi üçün hərbi, texniki və maddi dəstəyini əsirgəmədi. Bu dəfə də Riyad və Tehran “səngərin” əks tərəflərində qaldılar. Suriya məsələsi Yaxın Şərqdə bir sıra dövlətlər arasında münasibətləri düşmənçilik səviyyəsinə gətirdi.

Ancaq 2014-cü ilin sentyabrında Tehranın dəstəklədiyi döyüşkən husilərin Yəmənin paytaxtını ələ keçirməsi Səudiyyə krallığı üçün həyəcan siqnalı oldu. Çünki Səudiyyə Ərəbistanı daha öncə bir neçə dəfə Yəməndə husilərə qarşı savaşa qatılıb və Yəmən hakimiyyətinin husilərin nəzarətinə keçməsini özünə qarşı ciddi təhdid olaraq qəbul edir.

İran Arabistan ile ilgili görsel sonucu

Səudiyyə Ərəbistanı krallığı Yəməndə hakimiyyətin husilərin əlinə keçməsini özünə qarşı ciddi təhdid olaraq qarşılayır. Bu səbəbdən 2015-ci il martın 26-da Səudiyyə Ərəbistanı 10 ölkədən ibarət olmaqla, yaratdığı ərəb koalisiyası vasitəsilə Yəməndə husilərin əlindəki bölgələri bombalamağa başladı.

2015-ci ilin sonunda Səudiyyə krallığı terrorizmə qarşı mübarizə adı altında daha böyük - 34 ölkədən ibarət “müsəlman ölkələri koalisiyasını” yaradıb. Ancaq aydın məsələ idi ki, yeni koalisiya İŞİD-lə deyil (ya da formal bir şəkildə), əslində husilərə qarşı savaş və Yəməndə husi gücünü qırmaq üçün yaradılıb. 2016-cı ilin ilk günlərində isə krallıq məhkəməsi 2012-ci ildən həbsdə saxlanılan yerli şiə aktivist, silahlı hücumlarda iştirak etməmiş din xadimi Ayətullah Nimrin edam qərarını icra etdi.

Hazırda Suriya, İraq, Yəmən, Livan kimi ölkələrdə İran və Səudiyyə Ərəbistanı arasında rəqabət davam edir. Bundan başqa, İran 2017-ci ildə Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin Qətərə qarşı embarqosu zamanı bu ölkəni müdafiə edib, hətta blokadaya görə qıtlıq təhlükəsi ilə üzləşən Qətərə ərzaq yardımı göndərib.

Doğrudur, Məhəmməd bin Salman bir neçə il əvvəl Britaniya mətbuatına müsahibəsində deyib ki, İranla savaşmaq fikirləri yoxdur, bu, bölgə üçün fəlakətə səbəb ola bilər. Ancaq bununla belə, İranı küncə sıxmaq, onun Yaxın Şərqdəki fəaliyyətini məhdudlaşdırmaq üçün ər-Riyad Vaşinqtonla ortaq hərəkət edir. Hətta İran rəsmiləri daha əvvəl bir neçə terror aktına görə Səudiyyə Ərəbistanını ittiham edib və bu zaman qarşı tərəfdən hər hansı təkzib gəlməyib.

Xüsusən də “ərəb baharı” sonrasında Yaxın Şərq regionunun ənənəvi güclü dövlətləri olan İraq, Suriya, Misir, Liviya kimi dövlətlər bir mənada sıradan çıxıb və indi bölgədə əsas güc və nüfuz sahibi ölkə Səudiyyə Ərəbistanıdır. Bu istiqamətdə Ər-Riyadın əsas rəqibi İran və Türkiyədir. Türkiyə ilə strateji olaraq fikir yaxınlığı olsa da, İran faktiki olaraq bölgənin bütün həssas nöqtələrində Səudiyyə Ərəbistanı ilə qarşıdurmadadır. Təbii ki, hazırkı şərtlərdə ABŞ prezidentinin də İrana qarşı bu tutumu Səudiyyə Ərəbistanı üçün əlverişlidir, Ər-Riyadın bölgədə mövqelərini möhkəmləndirir.

Kənan RÖVŞƏNOĞLU

Enter.News