success closed Loading...

İlham Rəhimov: ''Putinlə tələbə yoldaşı olanda onun nə zamansa Rusiya prezidenti olacağını bilmirdim''

icon datetime25.02.2019 21:22 icon comment icon visitor
shadow

Professor İlham Rəhimov: “Biz tamamilə müstəqil İstintaq Komitəsi yaratmalıyıq”

Dünən Enter.News saytı hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moderator.az -a verdiyi müsahibənin birinci hissəsini dərc etmişdi. Bu gün isə həmin müsahibənin ikinci hissəsini təqdim edirik. 

Müsahibənin birinci hissəsi:

- Sizi bəzən Moskvanın adamı kimi təqdim edirlər. Ümumiyyətlə, başqa bir dövlətin adamı kimi təqdim olunmaq ağır ittihamdırmı?

- Çox eşitmişəm belə söhbətləri. Bunu iqtidarda olanlardan da deyən var, müxalifətdə olanlar da deyir, “Rusiyanın adamıyam və ya ola bilərəm”. Bilirsiniz, məsələ necədir? Mənim təkcə Rusiyada və MDB-nin digər respublikalarında deyil, dünyanın bir çox ölkələrində də çoxsaylı dostlarım var. Türkiyənin özündə də ən yüksək səviyyələrdə yaxın dostluğum var. Bu o demək deyil ki, mən həmin ölkələrin adamıyam. Məgər vaxtilə Rusiyada təhsil almaq qəbahətdirmi? Ona qalsa, bu gün Azərbaycanda hakimiyyətdə olanların və ümumiyyətlə siyasətlə məşğul olan adamların bir çoxu vaxtilə Rusiyada oxuyub.

- Amma onların heç biri Putinin tələbə yoldaşı olmayıb.

- Onlar da ayrı adamların tələbə yoldaşı olub. Axı mən Putinlə tələbə yoldaşı olanda onun nə zamansa Rusiya prezidenti olacağını bilmirdim. O dövrdə DİN əməkdaşları gedib Moskvada akademiyada oxuyurdu, yaxud prokurorluq əməkdaşları Leninqradda təkmiləşdirmə institutı vardı, gedib aylarla orada kurslarda olurdular. O cümlədən də məhkəmələr və digər orqanların əməkdaşları. İndi həmin məntiqlə onların hamısını Rusiyanın adamı adlandıraq? Elə hesab edirəm ki, bunlar qeyri-ciddi və səviyyəsiz söhbətlərdir. Rusiyada Putindən başqa da çox dostlarım var. Məni yaxından tanıyan adamlar bilirlər ki, onlarla münaqibətlərimdə heç kimə imkan verməmişəm ki, özünü bir az yuxarı tuta, yaxud məni və millətimi alçaldalar. Ruslarda da belə bir xüsusiyyət var. Onlar o insana, o millətə hörmət edirlər ki, görürlər ki, həmin adam özünə hörmət qoyur, öz millətini üstün tutur. Heç vaxt heç kimə imkan verməmişəm ki, millətimə yuxarıdan aşağı baxmağa cəsarət etsin. Mənim prinsipim həmişə belə olub ki, eyni səviyyədə oturmalıyıq, eyni səviyyədə söhbət aparmalıyıq. İndi bunu kim necə istəyir, elə də qəbul edər.

- Ümumrusiya Azərbaycanlıları Konqresini (ÜAK) hansısa formatdasa yenidən Rusiyadakı azərbaycanlıların ortaq evi kimi görə biləcəyikmi?

- Mən müsahibələrimin birində orada təşkilatlanma prosesinin hansı mərhələdə olduğunu demişdim. Bizim diaspor təşkilatımız hələ rəsmi qaydada qeydiyyata alınmayıb. Demək olar ki, xeyli müddətdir ki, Moskvada rəsmi diaspor təşkilatımız yoxdur. Doğrudur, qeydiyyatdan keçmiş bir neçə diaspor təşkilatlarımız var. Onlar Rusiyanın ayrı-ayrı şəhərlərində və Moskvada fəaliyyət göstərir. Amma söhbət ümumrusiya miqyasında hamını birləşdirən bir təşkilatdan gedirsə, hələ azərbaycanlıların belə bir təşkilatı yoxdur. Mən bu problemlə uzun müddət məşğul olmuşam.

- Yəni qeydiyyata alınmaması o deməkdir ki, biz sənədləri vermişik, amma Rusiyanın müvafiq qurumları prosesi ləngidir, yoxsa sənədləri bu dəfə də düzgün tərtib edib verə bilməmişik?

- O zaman təşkilatın ləğvinə səbəb, doğrudan da sənədlərin qaydasında olmaması idi. Çünki bu məsələ ilə özüm şəxsən məşğul olmuşdum və müəyyən olunmuşdu ki, sənədlərin tərtibatında həm texniki səhvlər, həm də çatışzmazlıqlar var, Eyni zamanda orada Rusiya Ali Məhkəməsinə konqresi ləğv etməyə əsas verən başqa məsələlər də vardı.

- Bu yaxınlarda Fazil Qurbanovun Azərbaycan mətbuatına sizinlə bağlı maraqlı bir açıqlaması olmuşdu. Guya, siz yerli mətbuata müsahibələrinizin birində demisiniz ki, “Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) yaradılması təşəbbüsü Azərbaycanda heç də hamının ürəyincə olmadı”. F.Qurbanov isə sizi ittiham edərək bildirib ki, ÜAK təsis olunduğu ərəfədə Rusiyadakı diaspor təşkilatlarına heç bir dəstək göstərməmisiniz. F.Qurbanov onu da iddia edib ki, guya sizin “heç bir əsası olmayan iddialarınız yeni təşkilatın yaradılmasına mənfi təsir göstərir”. Bu fikirlərə münasibətinizi bilmək istərdik.

- Fazil Qurbanov belə bir açıqlama verib ki, guya mənim konqresin fəaliyyətində mənfi rolum olub. Əvvəla, sizin sualınızdakı o tezislə bağlı deyim ki, mən heç bir yerdə elə bir söz deməmişəm. İkincisi, Fazil Qurbanovun mənim haqqımda o cür fikirlər deməyə nə hüquqi, nə mənəvi haqqı yoxdur. Bu gün hüquqi nöqteyi-nəzərdən Fazil Qurbanov orada heç kimdir. Diaspor təşkilatı seçkili qurumdur və hələlik həmin qurumun nə qurultayı, nə seçkili orqana hansısa seçkisi olub ki, kimisə harasa seçələr. Mənəvi baxımdan da o cür fikirlər səsləndirməsi onu göstərir ki, nə danışdığını heç özü də bilmir. Mən onun dediklərinə o qədər də fikir vermirəm. Amma Rusiyada yaşayan azərbaycanlılar ÜAK-ın ləğvindən sonra və yeni qurumun yaranması prosesində mənim hansı fəaliyyətimin olduğunu yaxşı bilirlər. Bu barədə Bakıda da yaxşı bilirlər, Moskvada da.

- Rusiayada olan bir çox imkanlı adamlarımız Bakıdan baxdıqda bir Vətənsevər və millətpərvər kimi görsənmirlər. Elə bu yaxınlarda Vahid Ələkbərovun Qazaxıstan iqtisadiyyatına astronomik məbləğdə çoxmilyardlı investisiya qoyacağı açıqlandı. Olmazdımı ki, o pulları öz vətənində bir işə sərf edəydi… Olmazmı ki, azərbaycanlı imkanlı adamlar öz vətənlərinə investisiya qoysunlar?

- Bu sualı o şəxslərin özlərinə ünvanlasınız daha yaxşı olar. Söhbət konkret Vahid Ələkbərovdan gedirsə, mənim məlumatıma görə, həmin layihə Rusiya ilə Qazaxıstanın arasında bağlanmış ikitərəfli layihədir. Yəni söhbət Xəzər dənizinin Qazaxıstana aid hissəsindəki neft yataqlarının birgə işlənməsindən gedir. Xaricdə olan imkanlı azərbaycanlılar təbii ki, bütün zamanlarda Azərbaycana investisiya qoyublar. Biznez belədir ki, iş adamı sərmayə yatıranda gəlirləri, riskləri, itkiləri və qazancı barədə ciddi götür-qoy edir.

- Rusiyanın paytaxtında və əyalətlərdə fitnəkar ermənilərin "Artsax" adlı ticarət mərkəzləri və restoranlar şəbəkələri tikməsi strateji müttəfiqliklə bir artaya sığırmı? Tutaq ki, Rusiya bayaq dediyimiz bəlli səbəblərdən İrəvan və Bakı ilə münasibətlərini pozmaq istəmir. Amma axı Rusiya həmsədr dövlət kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və borcudur ki, ermənilərin Bakı ilə münasibətlərə xələl gətirən bu kimi təxribatçı təşəbbüslərinə meydan verməsin.

- Moskvada və digər əyalətlərdə o adda ticarət obyektlərinin fəaliyyət göstərdiyi barədə bir müddət öncə sizin saytdan oxudum. Bu yaxınlarda Moskvaya gedəcəm, fikrim var ki, Moskva meri Sobyaninlə görüşüm və bu məsələni onun yanında qaldırım. Hesab edirəm ki, Moskvada elə şeylərə bir o qədər də fikir vermirlər. Gedin, Moskvanın özündə sorğu keçirin, tələbələrdən tutumuş, hansı təbəqədən istəyirsiniz adamları danışdırıb soruşun, çoxu heç bilməyəcək “Artsax” nədir. Amma haqlısınız ki, biz bu məsələni qabardaraq narahatçılığımızı dilə gətirməliyik. Eyni zamanda, əslinə qalanda bizim Rusiyadakı səfirlik bu işlərlə məşğul olmalı idi.

- “Artsax” ticarət kompleksi Moskva şəhərində yox, İvanovo vilayətində fəaliyyət göstərir. Odur ki, təkcə Sobyaninlə müzakirə kifayət etməyəcək...

- Vilayətin qubernatorunu da tanıyıram. Onunla da bu barədə söhbət edərəm. Çalışacam, Azərbaycanın və Rusiyadakı soydaşlarımızın narahatlığını onların diqqətinə çatdırım.

- Rusiyada bizneslə məşğul olduğunuz kimsəyə sirr deyil. Rusiyaya qarşı sanksiyaların Sizin biznes fəaliyyətinizə də neqativ təsiri olmamış deyil.

- Sanksiyanın hamıya təsiri var. Aydın məsələdir ki, bizə də təsiri var.

- Elmi yaradıcılığınızla bağlı hansı yeniliklər var? Yeni bir kitab üzərində işlədiyinizi eşitmişik.

- Bu yaxınlarda Qazaxıstanda qazax dilinə tərcümə edilmiş kitabımın təqdimat mərasimi keçirildi. Təqdimat mərasiminə məni də dəvət etmişdilər, Qazaxıstan Senatında və Ali Məhkəmədə keçirilən tədbirlərdə maraqlı müzakirələr aparıldı. Bir neçə gündən sonra isə Türkiyədə ölüm cəzası ilə bağlı kitabım türk dilində çap olunacaq. Bu mənim Türkiyədə türk dilində çap olunan sayca üçüncü kitabımdır. O ki, qaldı yeni kitab yazmağıma, doğru eşitmisiniz, tamamilə yeni bir problemlə bağlı kitab üzərində işləyirəm, amma mən heç vaxt kitab hazır olanadək məzmunu haqqında danışmağı sevmirəm. Kitab hazır olanda oxucular oxuyub qiymət verəcək.

- Rəhbərlik etdiyiniz Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının fəaliyyətində hansı yeniliklər var? Deyəsən, bu təşkilatın fəaliyyətini genişləndirməsi kimlərinsə ürəyincə deyil...

- Hazırda təşkilatda 20 dövlətdən çox təmsilçilər var. Nizamnaməyə görə qapılar açıqdır və digər dövlətlər də iştirak edə bilər. Demək olar ki, qısa müddətdə təşkilat bir çox tədbirlərə imza atdı. O cümlədən, axırıncı tədbirimiz də Bakıda baş tutdu. Həmin tədbirin mövzusu dövlət terrorizmi ilə bağlı idi. Tədbirdə 15 dövlətin təmsilçiləri iştirak edirdi. Mövzunun özü də çox aktual idi və o cümlədən təkcə Azərbaycan deyil, terrordan əziyyət çəkən bir çox dövlətlər üçün prioritet mövzu idi. Məhz Azərbaycanın da erməni terrorizmindən əziyyət çəkdiyinə görə mən təşəbbüs göstərdim ki, həmin tədbir Bakıda keçirilsin. Halbuki tədbirin başqa ölkələrdə keçirilməsini israr edirdilər. Hətta İstanbulda və Moskvada da keçirilməsi təklifi aktual idi. Bütün hüquq-mühafizə orqanlarının hamısına, Prezident Adminiastrasiyasına və Milli Məclisin hüquqşünas deputatlarına dəvətnamə göndərdik. Hüquq mühafizə orqanlarından və parlamentdən heç kim tədbirə gəlmədi. Sadəcə Konstitusiya Məhkəməsinin bir neçə üzvü gəlib iştirak etdi. Niyə? Axı dövlət başçısı dəfələrlə çıxış edərək deyib ki, Bakıda mümkün qədər çoxsaylı beynəlxalq konfranslar keçirmək lazımdır. Çünki xaricdən gəlib Azərbaycandakı inkişafı öz gözləri ilə görsünlər. Amma bayaq dediyim kimi, hüquq mühafizə orqanlarından kimsə iştirak etmədi. Burda nə problem var idi ki? Axı bu birbaşa onlara dəxli olan problem idi. Tədbirin təşkilatçısı İlham Rəhimov olduğuna görəmi belə bir aktual problemin müzakirəsinə biganə yanaşıldı? İndi siz mənə deyin, onların bu addımı prezidentə kömək etməkdir, onun çağırışına qoşulmaqdır, yoxsa əksinə? Axı bunu necə qiymətləndirmək olar? Nəinki tədbirə gəlmədilər, hətta baş tutmaması üçün çalışanlar oldu. Nəyə görə? Ona görə ki, mənim təşəbbüsümlə keçirilirdi? Bu mənə lazım idi, yoxsa dövlətimizə? Yaxşı, əgər mənim keçirdiyim tədbirlərə belə qısqanclıqla yanaşırsınızsa, buyurun özünüz keçirin, ermənilərin də dövlət terrorunu ifşa edin. Nəyi və kimi gözləyirsiniz?

- Son zamanlar Rusiyada olduğu kimi Azərbaycanda da Vahid İstintaq Komitəsinin yaradılması təklifi vaxtaşırı dilə gətirilir. Sizcə Azərbaycan bu keçidə hazırdırmı?

- Mən mətbuatdan oxudum ki, Qüdrət Həsənquliyev bu təşəbbüsü irəli sürüb. Bu ideya, ümumiyyətlə çoxdan var. 1994-cü ilin sənədlərini qaldırıb baxsanız, o dövrdə mən hüquq və məhkəmə islahatları ilə bağlı dövlət proqramı hazırlamışdım və Vahid İstintaq Komitəsinin yaradılmasını təklif etmişdim. Sonralar Rusiyada İstintaq Komitəsinin yaradılmasında, daha doğrusu, o komitənin nizamnaməsinin hazırlanmasında mənim çox böyük rolum olub və ideyalarımdan istifadə edilib. Bildirim ki, Rusiya İstintaq Komitəsinin sədri Bastrıkin mənim tələbə yoldaşımdır. Onlar bilirdilər ki, hələ 20 il öncədən mən bu işlərlə məşğul olmuşam və bu ideyanı işləyib ortaya qoymuşam. O vaxt komitə Rusiyada yarananda prokurorluğun tərkibində fəaliyyət göstərməyə başladı. Yəni İstintaq Komitəsinin sədri baş prokurorun birinci müavini sayılırdı. İndi Qüdrət Həsənquliyev də təklif edir ki, Azərbaycanda da Vahid İstintaq Komitəsi baş prokurorluğun tərkibində yaradılsın. Açığı, komitənin yaradılması ilə bağlı onun təklifini alqışlayıram və dəstəkləyirəm. Amma burada bir məsələ var, artıq Rusiyada bir müddətdən sonra praktika göstədi ki, həmin komitənin prokuroprluğun tərkibində fəaliyyət göstərməsi özünü doğrultmur və tamamilə müstəqil bir qurumun yaradılmasına ehtiyac var. Çünki istintaqla prokurorluğun bəzi səlahiyyətlərində ziddiyyətlər və toqquşmalar yaranırdı və ona görə də, Rusiya qısa zamanda tamamilə müstəqil bir qurum yaratmağa nail oldu. Ona görə də, Qüdrət Həsənquliyevin təşəbbüsünü dəstəkləməklə yanaşı hesab edirəm ki, biz Rusiyanın keçdiyi yoldan nəticə çıxararaq tamamilə müstəqil İstintaq Komitəsi yaratmalıyıq. Əgər lazım gəlsə, həmin təşkilatın sənədlərinin də hazırlanmasına yardımçı ola bilərəm.