success closed Loading...

Əli Həsənovun xanımı Sona Vəliyevanın məhkəmədə dindirilməsi istənildi - ŞOK

“Bezdirmisiz artıq, intihar edəcəm, yazıb da qoyacam ki, günahkar bu işi sifariş edənlər və icra edənlərdir”

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın rəhbərlik etdiyi “Kaspi Liseyi Təhsil Mərkəzi” MMC-dən 565 min manatlıq mənimsəmədə ittiham olunan, liseyin Bakıxanov filialının keçmiş baş mühasibi Tural Məmmədov və mühasibi Fərahim Möhbalıyev onların işinə qərəzli və ədalətsiz baxılmasına etiraz edir. F.Möhbalıyev sentyabrın 27-də məhkəmədə deyib ki, heç bir günahı olmadan həbs edilib və bu ədalətsizlik davam etsə, özünə qəsd edəcək və bunun məsuliyyəti həm sifarişi verənlərin, həm də onu icra edən hakimlərin üzərində qalacaq.

Hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə prosesində vəkillər ona qədər vəsatət qaldırıblar.

F.Möhbalıyevin vəkili Adəm Məmmədov mənimsənildiyi iddia olunan məbləğlə bağlı rəy vermiş ekspert Zaur Məmmədovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil deyib ki, ekspertizadan əvvəl audit rəyində çox ciddi səhvlərə yol verilib. Eksperiza da həmin səhvləri və qərəzi davam etdirib:

“Audit yoxlama aparanda kassaya baxış keçirilməliydi. 2018-ci il aprelin 1-dən oktyabrın 15-nə qədər olan dövr araşdırılıb. Amma bilinmir ki, aprelin 1-nə kassada nə qədər pul olduğu məlum deyil. Auditlə bağlı Maliyyə Nazirliyinin təlimatı var. O təlimatın da, qanunvericiliyin də tələbləri pozulub. Audit zamanı təqsirləndirilən şəxslərin iştirakı təmin olunmayıb. Aprel, may, iyun və iyul ayları üçün xərclərin hamısı sıfır (0) göstərilib. Guya həmin dövrdə şagirdlərin təhsili üçün alınan ödənişləri bu adamlar mənimsəyib. Bu dörd ayda müəllim və başqa işçilərə verilən əməkhaqları, kommunal xərclər, məktəbdə şagirdlərin yeməyi, dəftərxana ləvazimatlarına sərf olunan vəsaitlər ümumiyyətlə, nəzərə alınmayıb. Məhkəmədə dindirilən müəllimlər də dedilər ki, maaşlarının cüzi hissəsini rəsmi qaydada alıblar, böyük hissəsi isə vergidən yayınmaq üçün onlara nəğd verilib. Bütün bunları nəzərə almayan audit də, daha sonra ekspert də mənimsənildiyi iddia olunan şişirdilmiş rəqəmi çıxarıb”.

Vəkil “Kaspi Liseyi”nin dövriyyəsini müəyyənləşdirmək üçün 2017-2018-ci illər üzrə Vergilər Nazirliyinə verilmiş bəyannamələrin alınmasını da istəyib.

Həm T.Məmmədov, həm də F.Möhbalıyev istintaqda və məhkəmədə bildirib ki, şagirdlərin təhsili üçün valideynlərdən toplanan ödənişlər toplanaraq, vaxtaşırı təsisçi Sona Vəliyevaya verilib. S.Vəliyeva da hər dəfə pulları alanda özünün qeydiyyat kitabında məbləği qeyd edib, hər iki tərəf imzalayıb. Vəkil həmin qeydiyyat kitablarının da ondan alınıb, məhkəmədə araşdırılmasını istəyib. Müdafiəçinin sözlərinə görə, bu məsələnin mərkəzində dayanan əsas simalardan biri S.Vəliyevadır, amma nə istintaq onu çağırıb dindirib, nə də məhkəmə. Onunla təqsirləndirilən şəxslər arasında üzləşmə də keçirilməyib.

Vəkilin sözlərinə görə, təhsilhaqqı ödənişi barədə istintaqa təqdim edilmiş qəbzlərdəki imzaların kimə məxsus olması müəyyənləşdirilməyib. Amma həmin məbləğlər təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmiş vəsait kimi təqdim olunub. E.Sadıqov S.Vəliyevanın özünün məhkəmədə dindirilməsi barədə növbəti dəfə vəsatət qaldırıb. Bildirib ki, o dindirilmədən obyektiv nəticəyə gəlmək mümkün olmayacaq. Vəkil həmçinin təkrar ekspertiza keçirilməsi, “Xətai Estetik Klinikası”nın direktoru Ehtiram Kərimov və həyat yoldaşı Gülnarə Kərimovanın hesablarına “Kaspi”dən köçürülmüş 31 min manatlıq vəsaitlə bağlı araşdırma aparmaq üçün Beynəlxalq Banka sorğu göndərilməsi, audit rəyi vermiş Mübariz Məhərrəmovun çağrılıb dindirilməsi haqda da vəsatətlər qaldırıb.

Prokuror Nəsir Bayramov vəsatətlərə etiraz edib. Deyib ki, S.Vəliyevanın qeydiyyat kitabının olması müdafiə tərəfinin fərziyələridir. Təsisçinin dindirilməsinə ehtiyac olmadığını deyən prokuror iddia edib ki, bu vəsatətlər məhkəmə prosesinin uzadılmasına xidmət edir.

“Kaspi Liseyi”nin direktoru, iş üzrə zərərçəkmiş qismində tanınan Elnur Əliyevin vəkili də S.Vəliyevanın məhkəməyə çağırılmasına etiraz edib. O, hətta çıxışlarda S.Vəliyevanın təsisçi kimi adının çəkilməsindən də narazılığını bildirib.

Vəkillər onun nəzərinə çatdırıblar ki, S.Vəliyeva liseyin rəsmi təsisçisidir, toplanan pullar da ona çatdırılıb. Ona görə də adının çəkilməsi təbiidir.

Hakimlər vəsatətlərin heç birini təmin etməyib. Hakim Azər Paşayev heç bir əsaslandırma göstərmədən sadəcə, məhkəmənin bu vəsatətlərin təmin olunmasına ehtiyac görmədiyini söyləyib.

Təqsirləndirilən şəxslər hakimlərin bu cür davranışına etiraz edib.

“Daha boş-boş vaxtımızı niyə alırsız? Elə birdəfəlik hökmü oxuyun, çıxıb gedək. Biz də bilirik ki, sizə nə “zakaz” verilsə, onu da oxuyacaqsız”, - deyə T.Məmmədov bildirib.

F.Möhbalıyev hakimlərlə yanaşı, prokurorun da çıxışına etiraz edib: “Sifarişlə işləməməlisən, kişi kimi işləmək lazımdır. “Zakaz”la işləyirsiz”.

Prokuror F.Möhbalıyevin məhkəmədə davranış qaydalarını pozduğunu bildirərək, onun zaldan çıxarılmasını tələb edib. Hakim ona xəbərdarlıq edib ki, əgər bu cür davransa, məhkəmə prosesi onsuz keçiriləcək.

F.Möhbalıyev hakimə belə cavab verib: “Bezdirmisiz artıq, mən də özümü doğrayacam. Yazıb da qoyacam ki, günahkar sizsiz. Bu işi sifariş edənlər, icra edənlər... Birinci də siz olacaqsız günahkar. Çünki sizin vəzifə borcunuzdur obyektiv, ədalətli olmaq. Bəs siz neyləyirsiz? Bu qədər də olmaz da...”.

Onun vəkili Adəm Məmmədov da müvəkkilinin cinayət törətmədiyini, T.Məmmədovun üzünə durmaq barədə lisey rəhbərliyinin göstərişini icra etmədiyinə görə cəzalandırıldığını bildirib:

“Mən Fərahimin bu cür davranışını təqdir etmirəm, təmkinli olmağa çağırıram. Amma adamı da başa düşmək lazımdır. Bir ildir günahsız yerə həbsdədir. Bunu Sona Vəliyeva da yaxşı bilir. Sona xanım bir bu adamın ailə vəziyyətini yoxlatdırsın, görsün, bu adam o boyda pulu mənimsəyib, yoxsa yox. Bu adam üzə durmadığına görə cəza çəkir. Heç bir araşdırma da aparılmır. Tutaq ki, bir çən var və oradan su oğurlandığı iddia olunur. Əvvəl bilinməlidir ki, bu çənin içində nə qədər su olub, ondan sonra araşdırılmalıdır ki, nə qədər götürülüb, nə qədər qalıb. Burada isə heç nə qədər pul olduğu bilinmir”.

Prokuror daha sonra məhkəmə istintaqının tamamlanmasını istəyib. Vəkillər etiraz edib. Bildiriblər ki, hələ sənədlər tədqiq olunmayıb.

Məhkəmə prosesi oktyabrın 2-nə qədər təxirə salınıb.

T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini deyir. Onun sözlərinə görə, S.Vəliyeva məbləği şişirdərək, 565 min manat göstərib.

F.Möhbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir.

Enter.News