success closed Loading...

Bakıya yeni hərbi prokuror təyin edildi - İlyas Rzayev kimdir? - DOSYE

Bakıya yeni hərbi prokuror təyin edilib. Enter.News xəbər verir ki,  bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Faktı Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.

Xatırladaq ki, Bakı hərbi prokuroru İmran Əhmədov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Lənkəranın hərbi prokuroru təyin edilib.

***

Bu gün Bakının hərbi prokuroru təyin edilən İlyas Rzayevin bioqrafiyası cəmiyyət tərəfindən maraq doğurub. 

Enter.News-un verdiyi xəbərə görə, Rzayev İlyas Ramiz oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.

2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək, ərazi hərbi prokurorluqlarında müstəntiq, böyük müstəntiq, Hərbi Prokurorluğun Hərbi prokurorluqlarda istintaqa nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə şöbələrinin prokuroru, Hərbi Prokurorun köməkçisi, böyük köməkçisi, Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifələrində qulluq keçib. İ.R.Rzayev prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə dəfələrlə mükafatlandırılıb.

Baş Prokurorun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin edilib.

Ailəlidir, iki oğul və bir qız övladı var.