success closed Loading...

Məzahir Pənahovdan ''U dönüşü'' kimi açıqlama: ''Deyilir ki, kamera çəkir və topa bülletenləri bir az da həvəslə atır...''

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə təəccüblə qarşılaşdığı pozuntuları açıqlayıb.

Enter.News xəbər verir ki, MSK sədri bəzi seçki komissiya üzvlərinin hərəkətlərinin onda təəccüb doğurduğunu bildirib.

"Bu seçkilərdə başa düşmədiyim hal olub. Fərz elə ki, məntəqədə hamının gözünün qabağında götürüb bülleteni qutuya atır. Deyilir ki, kamera çəkir və hələ bir az da həvəslə atır. Deyək ki, bəlkə də o, bunun yolverilməz olduğunu bilmir. Hamı bilir, hətta uşaq da bilir ki, bunu etmək olmaz. Digər tərəfdən adamda bir məntiq də olmalıdır da. Əgər bunu bilir və edirsə, nə üçün edir? Mən demirəm ki, o, bunu qəsdən edir. Amma normal bir məntiq yozum olmalıdır - nə üçün edir? Deməli, bunu etməkdə hansısa maraq var. Ona görə də bu məsələ məndə təəccüb doğurub. Çünki seçki prosesində istənilən xoşagəlməyən hal biz istəsək də, istəməsək də Azərbaycanın ünvanına yazılır. Təəccüb doğuran odur ki, doğrudan da belə insanlar var. Onlar istəyir ki, Azərbaycanın ünvanına öz hesabına neqativ bir xal əlavə eləsin.

Mən belə pozuntuları görürdüm. Bunlar məntiqi olmayan pozuntulardır. Bu, Azərbaycana xidmət edən məntiq deyil. Buna ancaq Azərbaycandan kənara xidmət edən məntiq kimi izah tapmaq mümkündür. Burada söhbət daxildə nədənsə razı və ya narazı olmaqdan getmir. Dünyanın hər yerində insanlar nədənsə razı, nədənsə də narazıdır. Bu, adi haldır və insan həmişə hər şeydən razı olmur", - deyə MSK sədri qeyd edib.

***

"Yenə sosial şəbəkələri də, daxil olan müraciətləri də araşdıracağıq. Bizə hələ poçtla da müraciətlər gələ bilər. Hesab edirəm ki, biz seçkilərə yekun vura biləcəyik".

Enter.News xəbər verir ki, bunları Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

"Seçki Məcəlləsinin tələbinə görə, səsvermə günündən 20 gün müddətinə qədər bütün daxil olan muraciətləri araşdırmalıyıq. Dairə seçki komissiyaları tərəfindən bizə təqdim olunan dairə protokollarını və onlara əlavə olunmuş sənədləri birgə araşdırmalıyıq. Onların əsasında addımlar atmalı və qərarlar qəbul etməliyik. Bununla da seçkilərə yekun vurub nəticələri Konstitusiya Məhkəməsinə göndərməliyik. Konstitusiya Məhkəməsi də 10 gün müddətində bu məsələlərə yekun vurmalıdır. Əgər ciddi zərurət yaranarsa və ehtiyac olarsa, o zaman Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti daha 10 gün uzada bilər. Amma ümumilikdə bir ay ayrılıb, yəni 20 gün Mərkəzi Seçki Komissiyasına, 10 gün isə Konstitusiya Məhkəməsinə. Ona görə biz də qalan müddətdə yenə araşdıracağıq", - deyə MSK sədri bildirib.