success closed Loading...

İcra başçısı şəhid atalarını qəbul etməyib? - Açıqlama

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid ailələrini qəbul etməməsi ilə bağlı görüntülər yayılıb.

“Enter.News” xəbər verir ki, Unikal.org saytının yayımladığı videoda icra başçısının qəbula gələn şəhid valideynləri ilə maraqlanmadığı bildirilib.

Şəhid atasının sözlərinə görə, o, üç dəfə İcra Hakimiyyətinə gəlsə də, onu qəbul etməyiblər: “Niyə mənim qapıma gəlmirsən? Mən İsayev Şakir Alik oğluyam. Şəhid Alik İsayevin atasıyam. Dəfələrlə gəlmişik bura, qəbul etməyib. İndi də kollektiv gəlmişik. Burada məndən başqa 9 şəhid atası var. Başçı 1 il 7 aydır heç birimizin qapısını açmayıb”.

Məsələ ilə bağlı Xızı RİH-lə əlaqə saxladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, həmin görüntülər qəbulun ilk 5 dəqiqəsinə aiddir: “O görüntülər qəbuldan əvvəl çəkilib. Sadəcə içəridə çox adam var idi və səs-küy yaranmışdı. Biz vətəndaşlardan bir qədər sakitliyə riayət etmələrini xahiş etdik. Daha sonra icra başçısı gəldi və 3 saata yaxın qəbul keçirdi. Vətəndaşların da hamısı tam razı şəkildə getdilər. 7 şəhid ailəsi gəlmişdi, heç bir problem yaşanmadı. Ailələrin özləri ilə də əlaqə saxlayıb məlumat ala bilərsiniz”.