success closed Loading...

Türkiyə sanksiyalara qalxan hazırlayır – Ankara ordunun təchizatsız qalmamasının yolunu tapıb

Selcan Hacaoğlu

“Bloomberg”, 02.07.2019

 

ABŞ prezidenti Trampın təskinləşdirici mesajlarına və Rusiyadan mübahisəli raket alışından imtina olmadığı halda, Konqresin sanksiya tətbiqi hədələrinə baxmayaraq, Türkiyə Amerika istehsallı silahların ehtiyat hissələrini toplayıb.

Ehtiyat yığma qərarının nə zaman alındığı aydın deyil, amma Türkiyə səlahiyyətliləri ehtimal edilən ABŞ embarqosunu gözləmədən bunu etdiklərini söyləyirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika “Patriot”ları yerinə Rusiyanın “S-400” raket əleyhinə müdafiə sistemini satın almağa qərar verdikdən sonra, 2018-ci ildən bu yana Türkiyəyə qarşı sanksiya təhdidi var.

Hələ yarım əsr əvvəl ABŞ-ın silah embarqosuna məruz qalmış Türkiyə ordusu, ölkənin müdafiə strategiyasını bilən iki Türk səlahiyyətlinin məlumatlarına görə, F-16 təyyarələri və hərbi donanma üçün ehtiyat hissələri yığıb. İki ölkə arasındakı əlaqələr Suriyadakı vətəndaş müharibəsi dövründə Türkiyənin terrorist qrup saydığı kürd milisinə görə pozulub. ABŞ onlara silah verib. Üstəlik, 2016-cı ildə Ərdoğana qarşı çevriliş təşəbbüsü sonrası hökumət Amerikada yaşayan türk vaizi geri ala bilmir.

NATO üzvü olan Türkiyə ballistik raket texnologiyasını əldə etməyə qərarlıdır və qarşısına “S-400”-ün gələcək nəsillərini birgə istehsal etmək məqsəd qoyur. Səlahiyyətlilər Vladimir Putinlə müzakirələrə istinad edirlər. Ərdoğan yaxın günlərdə “S-400”-lərin ölkəsinə çatdırılacağını söyləyib.

ABŞ Moskvaya yönəlmənin NATO-nu zəiflədəcəyi və Türkiyə şirkətlərinin iştirakı ilə yaradılan “F-35” təyyarəsinin sirlərini təhlükəyə ata biləcəyini iddia edir. Konqres potensial sanksiyalar planlarını hazırlayarkən, ən çətin dövründə Türkiyə iqtisadiyyatını sıxışdıracağını düşünür.

Ötən Şənbə günü Yaponiyada toplanan G20 zirvəsində ABŞ prezidenti Ərdoğana Amerikanın raket əleyhinə müdafiə sistemini almaq istəyərkən, Obama rəhbərliyinin Türkiyə ilə ədalətsiz davrandığını söyləyib. Trampın sözlərinə görə, “S-400” müqaviləsi problem olsa da, ABŞ fərqli həlləri nəzərdən keçirir.

Trampın Türkiyəyə verdiyi dəstək sonradan Rusiya ilə raket müqaviləsinə dair Ağ Evin narahatlığını ifadə etməsi ilə silinib.

Amma Rusiyaya yönəlmə də ABŞ-ın imtinasından sonra olub. 2017-ci ilin iyul ayında Moskva ilə razılaşma elan edilərkən, Dövlət Departamenti Türkiyəyə 3,5 milyard dollar dəyərində “Patriot” satışını təsdiqləyib.

Türkiyə “Patriot” razılaşmasının Konqresdə müxalifətin şübhələri ucbatından həyata keçəcəyinə inanmır.

Bazar ertəsi günü ABŞ Nümayəndələr Palatası Xarici İşlər Komissiyasının sədri Eliot Engel Ərdoğana “oyun oynamasını dayandırmağa, Qərb və ya Rusiyanı seçməyə” çağırıb.

Engel deyib: “S-400” müqaviləsi NATO-nu və öz milli təhlükəsizliyimizi təhlükə altına alır. Türkiyə həssas NATO və Amerika sistemləri ilə yanaşı, inkişaf etmiş Rusiya hava hücumundan müdafiəsi sistemini istismar edə bilməz. Prezident Ərdoğan nəticələrin olacağını bilməlidir”.

ABŞ sanksiyaları ölkələr arasındakı ittifaqı zəflədəcək və Türkiyənin qətiliklə əks-həmlə edəcəyi şəksizdir, lakin o, qapını açıq saxlayacaq. Ötən yay Vaşinqton, Ankarada bir amerikalı pastorunun həbs olunması ilə əlaqədar Ankaranı cəzalandırıb və bu, çətin iqtisadi durum yaradıb. Türk lirəsi dəyərinin dörddə birini itirib, inflyasiya və işsizliyi yüksəlib və iqtisadiyyat durğunluğa girib.

Səlahiyyətlilər hansı ehtiyat hissələrinin yığıldığını, onların harada satın alındığı və ya inventarın nə qədər bəs edəcəyini söyləməkdən imtina ediblər. Bu, ABŞ-ın 1974-cü ildə Türk ordusunun Şimali Kipri ələ keçirməsi ilə bağlı dörd il müddətinə silah embarqosu tətbiq edildiyi dövrlə müqayisədə, ABŞ-ın sanksiyalarına qarşı daha yaxşı hazırlığın siqnalıdır.

Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək istəyən Nümayəndələr Palatasına təqdim edilən bir qətnaməyə “F-35 Joint Strike Fighter” ilə yanaşı, sanksiyalardan təsirlənə biləcək müdafiə proqramları, o cümlədən “Patriot” sistemi, “CH-47F Chinook” helikopteri, “UH-60 Black Hawk” helikopteri və “F-16 Falcon” təyyarələrinin alışı daxil edilib.

ABŞ iyulun 31-dək möhlət verib. Türkiyə Rusiya dövlətinin bir hissəsi ilə iş aparan qurumların cəzalandırılmasına imkan verən iki qanunvericilik aktına əsasən sanksiyalarla üzləşə bilər. Böyük türk müdafiə sənayesi ABŞ-ın maliyyə sistemindən qopa bilər. Onların Amerika komponentlərini satın alması və ya məhsullarını ABŞ-da satmasına qadağa qoyulacaq.

“F-35” proqramından xaric olacağı təqdirdə, Türkiyə, Rusiyanın döyüş təyyarələri də daxil olmaqla, alternativləri araşdıracaq. Hazırda o, döyüş təyyarələri və yerli ballistik raketləri inkişaf etdirməyə çalışır.

Rəsmilər “S-400”-lərin Türkiyənin paytaxtı və İstanbulun ticarət mərkəzini qoruyacağını deyirlər. Bu raketlər həm də Qara dənizi Aralıq dənizinə bağlayan boğazların təhlükəsizliyi ilə bağlı narahatlıqları aradan qaldıracaq.

Enter.News