success closed Loading...

Lukaşenko Paşinyana: ''Siz də mənim dostumsunuz, Azərbaycan prezidenti də''

icon datetime02.10.2019 00:55 icon comment icon visitor
shadow

Yerevanda Avrasiya İqtisadi Ali Şurasının (AİAŞ) iclası keçirilir.

İclas ərəfəsində hazırda təşkilata sədrlik edən Ermənistan Baş naziri Nikol Paşinyan iclasda iştirak edən dövlət başçıları ilə görüşlər keçirib.

Onun Belarus prezidenti Aleksandr Lukaşenko ilə söhbətində ölkənin Azərbaycan rəhbərliyi ilə münasibətləri də müzakirə edilib.

"Vəziyyət elə gətirib ki, siz mənim yaxşı dostumsunuz və Azərbaycan prezidenti ta əvvəllərdən mənim yaxşı dostumdur. İndi mən nə etməliyəm ki, Ermənistana da, Azərbaycana da çox yaxşı yanaşıram? Mənim Azərbaycan rəhbərliyinə münasibətim hələ Heydər Əliyevin prezident olduğu və biz onunla işləməyə başladığımız vaxtdan çox yaxşıdır. Sizinlə də münasibətlərimiz xoşdur", cənab Lukaşenko deyib.

"Siz narahat olmayın ki, biz kiminləsə Ermənistana qarşı dostluq edərik. Qətiyyən yox. Siz gəlin Belarusa, sizə lazım olan şeyi barmağınızla göstərin, biz Ermənistanın maraqlarını nəzərə alaraq işləməyə hazırıq. Yoxlaya bilərsiniz", - deyə Belarus prezidenti Nikol Paşinyanı narahat olmamağa çağırıb.

Ermənistan Baş naziri Belarus prezidentinə "xoş sözlər üçün" təşəkkür edib və Ermənistanla Azərbaycan arasında münasibətlərə toxunub.

"Siz bilirsiniz ki, bizim Azərbaycanla münasibətlərimiz olduqca mürəkkəbdir, daha doğrusu, münaqişəlidir... Əlbəttə, hər bir dövlət öz maraqlarını əsas tutmalıdır, lakin mən qeyd etmək istərdim ki, bizim həm də kollektiv maraqlarımız vardır və mən çox şadam ki, biz vahid fikrə gəlmək üçün birlikdə işləyib, bütün incəlikləri ilə hər şeyi müzakirə edə bilirik", - Paşinyan deyib.

O bildirib ki, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı və daha da səmimi olması üçün yetərli cəsarət və iradə göstərə biləcəklərinə ümid edir.

Rusiya prezidentindən başqa, bütün dövlət başçıları sentyabrın 30-da Yerevanda olub. Vladimir Putin Ermənistan paytaxtına oktyabrın 1-də, Parisdən, keçmiş Fransa prezidenti Jak Şirakın dəfn mərasimindən sonra gedib.

Kreml mətbuat xidmətinin məlumatına görə, cənab Putin Yerevanda Nikol Paşinyanla və Həsən Ruhani ilə danışıqlar keçirəcək.

Avrasiya İqtisadi Birliyi (AİB) üzv ölkələrin başçılarının görüşləri məhdud və geniş tərkibdə keçirilib.

Məhdud tərkibdə görüşlərdə hazırda təşkilata sədrlik edən Ermənistan Baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sooranbay Jeenbekov, Rusiya prezidenti Vladimir Putin və Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Tiqran Sarkisyan iştirak ediblər.

İclasın gündəliyinə Birliyin ümumi maliyyə bazarının formalaşdırılması, konsepsiyasının təsdiq edilməsi, 2020 il üçün AİB büdcəsi və nəqliyyat və energetika sahəsinə aid qanunvericilik üzrə qərarlara dair məsələləri daxil edilib.

Ali İqtisadi Şura üzvləri AİB-in cari fəaliyyətinə aid məsələləri, inteqrasiya prosesləri inkişafının perspektiv istiqamətləri, AİB vahid bazarının fəaliyyətinin təkmilləşdirilməsi və iqtisadiyyatın əsas sektorlarında əməkdaşlığın genişləndirilməsi yollarını, həmçinin üçüncü ölkə və birliklərlə iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər, Kreml mətbuat xidmətinin məlumatında deyilir.

Geniş tərkibdə AİAŞ iclasında Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu olan Moldova Respublikasının prezidenti İqor Dodon və fəxri qonaq kimi dəvət olunmuş dövlət başçıları - İran İslam Respublikası prezidenti Həsən Ruhani və Sinqapur Respublikasının baş naziri Li Syan Lun iştirak edəcəklər.

Enter.News