success closed Loading...

Avropa siyasətində ''Təhminə və Zaur'' havası - Böyük Britaniya AB-dən ayrıldı + VİDEO

icon datetime01.02.2020 20:57 icon comment icon visitor
shadow

Böyük Britaniya Krallığı axır ki, Avropa Birliyindən rəsmən ayrıldı.

Fevralın 1-i tarixə bu hadisə ilə yazıldı. Birliyə (o zaman adı Avropa İqtisadi Birliyi idi) üzv olmaq üçün əvvəl iki dəfə müraciət edən İngiltərənin namizədliyinə Fransa prezidenti Şarl de Qoll veto qoyub. Yalnız Şarl de Qollun vəzifədən getməsindən, Fransanın isə referendumla buna «hə» deməsindən sonra 1973-cü ildə ingilislər arzusuna çatıb. 47 il sonra isə Böyük Britaniya Avropa Birliyindən çıxan ilk ölkə kimi də tarixə düşdü.

De Qollun niyə bu cür israrla İngiltərənin əleyhinə olması və bu məsələdə Almaniyanın da dəstəyini ala bilməsi barədə müxtəlif iddialar var.

II dünya müharibəsi zamanı Şarl de Qoll Londonda mühacir həyatı yaşamışdı və İngiltərə hökuməti onun Fransa siyasətinə təsirini azaltmaq üçün çoxsaylı cəhdlər etmişdi. De Qoll vetoya səbəb kimi funt-sterlinqin zəif olduğunu və bunun Birliyə mənfi təsir edəcəyini göstərirdi. Amma əsl səbəb ABŞ-ın Avropada ən etibarlı müttəfiqinin - Britaniyanın olması idi. İngiltərənin iqtisadi birliyə üzv olması ABŞ-ın bu quruma «arxa bağçadan» daxil olması demək idi.

O vaxtdan həm dünya xəritəsi, həm Avropa Birliyi çox dəyişib. Dəyişməyən isə İngiltərənin ABŞ-la müttəfiqliyinin olduğu kimi qalmasıdır. Təxminən yarım əsr sonra İngiltərə AB-ni tərk etməsini bir neçə səbəblə izah edir ki, onlardan biri də miqrant axınıdır. London bu məsələdə AB-nin sərt siyasət yürütməsinə tərəfdar idi. Eynilə ABŞ prezidenti Donald Tramp da hakimiyyətə gələndən bəri miqrantlara qarşı bu cür radikal xətt tutub. İngilis cəmiyyətinin mühafizəkarlığı yenilik deyil, amma «Brexit» təkcə mühafizəkarların deyil, radikal millətçilərin də qələbəsi hesab olunur. Təsadüfi deyil ki, 2016-cı referendumunda əsasən, gənc nəsil AB-dən çıxmağa, yaşlılar isə qurumda qalmağa səs vermişdilər. «Brexit»in Trampa bənzəyən (təkcə görünüş etibarilə ilə deyil) baş nazir Boris Consonun hakimiyyəti dövründə reallaşması də simvolik oldu.
«Brexit»in reallaşması təbii ki, Rusiyanın maraqlarına uyğundur. Amma bu tarixi ayrılığın həm də ABŞ-ın maraqları ilə də üst-üstə düşdüyündən məehum de Qolla haqq vermək lazım gəlir.

İngilislər zatən bu birlikdə özlərini həmişə kifayət qədər müstəqil hiss edirdilər. Məsələn, Şengen müqaviləsini sonadək də imzalamadılar, 2012-də isə avronu vahid Avropa pul vahidi kimi qəbul etmədilər və sairə.

news-detail

Bakıda fevralın 1-i, gecə saat 3 olanda London küçələrində bayram və hüzn vardı. İngilis nəşrlərindən hansısa manşet xəbərini belə veribmiş: «Sevinən sevinsin, ağlayan ağlasın». Həqiqətən də bu 3 illik sürəc «Brexit» və əleyhdarları arasında gərginliklərlə müşahidə olundu. «Brexit»in reallaşmasına günlər qala kraliyyət ailəsi özü də bir ciddi ayrılıq yaşadı. Taxt-tacın varislərindən biri arvadına qoşulub Bukinhem sarayını tərk etdi. Bu hadisə bir daha sübut etdi ki, ingilislər müstəmləkəni sevsələr də, özləri boyunduruq altda yaşamağa hər zaman üsyan bayrağı açmağa hazırdılar…

«Brexit» tərəfdarlarının bayramı o qədər də şölənli olmadı. Çünki ayrılığın bayram edilməsini ancaq sentimentallar bacarar. Məsələn, məşhur «Təhminə» filmində də əsas qəhrəman ərindən rəsmən ayrılmasını konyakla qeyd edirdi, amma istədikləri olmadı. Sonda tək öldü...

İngilislərin dünyanın çox qarışıq bir dönəmində təklənməsini bayram kimi qeyd etməsinin sonu necə olacaq? ABŞ çox uzaq, Brüssel isə yaxın idi…

Nazim SABİROĞLU

Enter.News